Əkrəm Rəhimli. GÜNEY AZƏRBAYCAN İRANIN İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜNDƏ
Bəzi xırda dəyişikliklər nəzərə alınmazsa, Pəhləvilərin hakimiyyətə yiyələndiyi tarixədək (1925) İran şahlığına qatılmış Güney Azərbaycanın ərazi bütövlüyü qorunub saxlanılmışdı. 1906-cı ildə qəbul edilmiş seçki məcəlləsində İran ərazisinin aşağıdakı əyalətlərdən ibarət olduğu qeyd edilmişdi: Azərbaycan, Xorasan, Fars və Sistan əyalətləri. Azərbaycan əyaləti iqtisadi, mədəni, elmi potensialı və coğrafi mövqeyinə görə aparıcı əyalət hesab olunurdu və ölkənin vəliəhdi bir qayda olaraq bu əyalətdə – Təbrizdə otururdu.
Kazak Rza xanın şahlıq taxtına çıxdığı gündən Güney Azərbaycanın xəritəsi «qayçılanmağa» başladı. Azərbaycan türklərinin İran daxilində bütöv inzibati-ərazi vahidinə malik olması fars şovinistlərini və onların hamisi Rza xanı narahat edən başlıca məsələlərdən idi. «Vahid dil», «vahid milli kimlik» məfkurəsi ilə işə başlayan Rza şah «vahid İran milləti» şüarını ortaya atdı və qeyri-fars xalqların ölkədə mövcudluğunu danmağa başladı. Əhməd Kəsrəvi və Mahmud Əfşar «məktəbləri» və onlara oxşar şovinist məfkurəli «cəmiyyət» və «birliklər» yarandı. Bunlar ölkə miqyasında Rza Pəhləvinin assimilyasiya siyasətini nəzəri baxımdan «əsaslandıran» və hakim millətçilik məfkurəsini yayan şəxslər və təşkilatlar idi. Nəticədə fars şovinizmi dövlət siyasətinin tərkib hissəsinə çevrildi, qeyri-fars etnoslarının yaşadığı regionlar heç bir elmi, iqtisadi və mədəni təmələ söykənməyən inzibati ərazilərə – ostanlara (əyalətlərə) bölündü. Bu haqda ilk rəsmi dövlət qanunu 1937-ci ildə X İran Məclisi tərəfindən qəbul edildi.
Milli münasibətlərdəki ziddiyyətlər, ölkənin ərazi bölgüsündəki şovinizmə əsaslanan prinsiplər, «ayır və buyur» siyasəti, çoxsaylı sosial-iqtisadi, mədəni və s. problemlərin həll olunmaması Pəhləvi rejiminin həmişəlik çökməsi ilə nəticələndi. Güman etmək olardı ki, hakimiyyətə gəlmiş yeni qüvvələr islamdakı haqqa və ədalət meyarlarına söykənib Azərbaycanla bağlı şahlıqdan miras qalmış problemləri sivil qaydada, xalqın arzu və istəyinə uyğun şəkildə həll edəcəkdir. Bu ən azı ona görə belə olmalıydı ki, Pəhləvilərin qanlı rejiminin yıxılmasında, respublika quruluşunun bərqərar olmasında Azərbaycan türkləri mühüm rol oynamış və çoxsaylı qurbanlar vermişdi. Lakin 1979-cu il İran inqilabından Azərbaycan türklərinin böyük umacağı olsa da, «köhnə hamam, köhnə tas» misalına oxşar bir gerçəkliklə üzləşdi. Başqa istək və tələblər bir yana, ölkənin inzibati bölgüsündə Azərbaycan ərazisini «qayçılama», ayırıb başqasına yapışdırma əməliyyatı daha pis formada davam etdirildi.
Bəllidir ki, vahid kökə və mədəniyyətə malik olan bir millətin varlığının qorunması, müxtəlif səciyyəli əlaqələrin mövcudluğu, milli potensialın güclənməsi, dil, adət-ənənə ilə bağlı cəhətlərin inkişaf və təkmilləşdirilməsi üçün onun ərazi bütövlüyü və kompakt yaşaması önəmli şərtdir. Odur ki, Güneydə yaşayan soydaşlarımızı farslaşdırmaq, onları assimilyasiya «qazanında» əridib yox etmək niyyətinin həyata keçirilməsində inzibati-ərazi bölgüsündəki «ostanlara ayırma» əməliyyatı son 80 ildə İran hakim rejiminin əlində mühüm vasitələrdən biri olmuşdur.
İran inqilabından sonra məlum oldu ki, icraedici hakimiyyətdə və İran İslam Şurası Məclisində dövlət sükanı arxasına keçmiş bəzi qüvvələr Pəhləvilər dövründə milli siyasətdə tətbiq olunan tədbirlərin qorunub saxlanmasına çalışırlar. İnqilaba qədər ölkə ərazisi 14 ostana (əyalətə) bölündüyü halda, onların sayı artırılaraq əvvəl 28-ə, sonra isə 30-a çatdırılmışdır. Ərdəbil mahalının Təbrizdən «asılılığını» aradan qaldırmaq adı altında Ərdəbil şəhəri ətrafındakı 9 şəhər, 21 rayon (bəxş), 63 kənd birləşməsi (kəndistan) və 2221 yaşayış məntəqəsi ilə birlikdə 17.925,5 kv.km ərazi ilə Şərqi Azərbaycandan qoparılıb «müstəqil» ostan (əyalət) elan edilmişdir. Şərqi və Qərbi Azərbaycan ostanlarından bir neçə inzibati-ərazi vahidini ayırıb «Cənubi Azərbaycan ostanı» yaratmağın «zəruriliyi» (burada məqsəd «Cənubi Azərbaycan» ifadəsini şovinistləri narahat edən anlamdan çıxartmaqdan ibarətdir – Ə.M.) və əyalətlərin yenə əvvəlki kimi nömrələnməsi haqda Məclisdə və mətbuatda söz-söhbət gedir, Marağanın ayrıca ostan olması təklif edilir və s. Xorasan əyalətinə daxil olan Türkmənsəhra bölgəsinin adındakı «türk» sözünü yox etmək üçün bu ərazidə yeni «Gülüstan ostanı» yaradılmışdır. Həmədan, Qəzvin kimi tarixi Azərbaycan torpaqları «ostanlaşdırılaraq» Azərbaycan ərazisindən ayrılmışdır. Savə, Astara, Sultanabad, Ərak və s. bölgələr hələ də farsdilli əyalətlər tərkibində qalmaqdadır.
Beləliklə, XX əsrin əvvəllərində Güney Azərbaycan İranın inzibati-ərazi bölgüsündə vahid bir region olduğu halda indi bu ərazidə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin, Zəncan, Həmədan ostanları yaradılmaqla vahid ərazi tikə-tikə edilmişdir. Bu parçalanma etnik-mədəni, iqtisadi əlaqələrə ağır zərbə vurmaqdan savayı, millətin bütövlüyünü pozur, onu yad təsirlərə məruz qoyur. Parçalanma ilə Şimalı Cənuba yadlaşdırmağa, unutdurmağa xidmət edən siyasət bu gün də «ostanlaşdırma» əməliyyatı ilə davam etdirilir. Dili yasaq, azadlığı buxovlanmış bir millətin zorla ikiyə parçalanmış ərazisinin yenidən məqsədli şəkildə bölük-bölük edilməsinə dünya təcrübəsində analoq tapmaq çətindir. Bu, XX əsrdən XXI əsrə miras qalmış milli zülm siyasətinin təzahürüdür. Eyni zamanda bu, İran cəmiyyətini düşündürən, hakim dairələri yollar axtarmağa məcbur edən problemlərdəndir. Bu mənada İran mətbuatında gedən yazılar, Məclisdəki söhbətlər və müzakirələr diqqəti çəkir.
Qeyd etmək lazımdır ki, İran inqilabından sonra ölkə ərazisinin kiçik vahidlərə bölünməsi ictimaiyyətdə və bəzi dövlət məqamlarında birmənalı qarşılanmır. Bu haqda olan fikir və mülahizələri, eləcə də irəli sürülən təklifləri iki qrupa bölmək olar. Birinci qrup ərazisinin bütövlüyü pozulmuş və əhalisi farsdilli əyalətlərə daxil edilmiş qeyri-farslardır. Onlar öz konstitusion hüquqları uğrunda mübarizə aparır, ərazisinin və millətinin İran ərazisi daxilində vahidliyini bərpa etməyə çalışır, zorakılığa söykənən assimilyasiya siyasətinə, ayrı-seçkiliyə son qoyulmasını tələb edirlər, ölkənin federasiya əsasında idarə olunmasını, əyalətlərin hüquq və səlahiyyətlərinin artırılmasını istəyirlər. Bu haqda mətbuatda və informasiya vasitələrində açılan bəhslərdən əlavə, «İranda federalizm» başlıqlı məqalələr topluları və kitablar da çap olunur. Başqa sözlə, ölkənin inzibati-ərazi bölgüsündəki ədalətsizlik və insan haqlarına hörmətsizlik bu günkü İranda federalizm məsələsini gündəmə gətirilibdir. Bu səpkidə gedən danışıqlar və yazılar hakim dairələrə yaxın qüvvələri narahat etdiyindən onların da səsi fərqli istiqamətdə eşidilməkdədir. Ölkənin inzibati-ərazi bölgüsünə yenidən baxmağı hələ Məhəmməd Xatəminin prezidentliyi dövründə gündəmə gətirən «Müşarikət Cəbhəsi» və onun ayrı-ayrı üzvləri inzibati-ərazi bölgüsünü qismən də olsa qeyri-fars etnik çoxluğun istəyinə uyğunlaşdırmağı təklif edirdiər. Onların fikrincə, indiki inzibati-ərazi bölgüsü bir sıra çətinliklər yaratmaqla yanaşı, qeyri-fars xalqların dövlətə olan inamını getdikcə azaldır, etnik qruplarla dövlət arasında olan münasibətlərdəki gərginlik ölkəni təhlükəyə sürükləyir, məmləkətin parçalanmasına səbəb ola bilər. Bu səpkidə fikirlərə keçmiş Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının başçısı Möhsün Mirdamadinin «Keyhan» qəzetinə verdiyi müsahibədə rast gəlirik. M.Mirdamadi ölkənin yeni inzibati-ərazi bölgüsü təklifindən narahat olanlara bildirmişdi ki: «Ölkənin yeni inzibati-ərazi bölgüsü təhlükəsizlik üçün problem yaratmayacaq… Biz azlıqda qalan xalqların xeyrinə hərəkət etməli, onların rejimə və hökumətə etimadını artırmalıyıq. Ancaq belə etməklə biz onların etimadını və hökumətin onlara inamını qazanmış olarıq… Bu gün ölkədə etnik qruplar əsasən sərhəd məntəqələrində yaşayırlar. Onların keçmişdə dövlətdən narazı olduqlarını bilirik. Keçmiş tarixdəki narazılığa biz bu gün heç vəchlə yol verməməliyik». Tehran şəhər Əmniyyət İdarəsinin sədr müavini İbrahim Rezayi Babadi ölkənin indiki inzibati bölgüsündə dəyişiklik edilməsinə və ostanların sayının 10-a endirilməsinə, ostanların etnik tərkib əsasında ərazicə genişləndirilməsinə tərəfdar olduğunu söyləmişdi. «Nəvide-Azərbaycan» qəzetində çap olunmuş müsahibəsində o, «ostan» sözünün «əyalət» və ya «vilayət» sözü ilə əvəz edilməsini təklif edirdi.
Yuxarıda gətirdiyimiz qismən mötədil mövqedən fərqli olaraq ölkənin 10 əyalətə bölünməsi ilə bağlı narahat olanlar və bu haqda «dərindən» düşünməyi, tələsməməyi məsləhət görənlər də vardır. Məsələn, Cahanbəxş Xancani parlamentdəki çıxışında yeni inzibati bölgüyə dair Məclisə verilmiş layihələr ətrafında «ciddi düşünməyin gərəkliyini» bildirdikdən, «mütəxəssis rəylərinə ehtiyac olduğunu» qeyd etdikdən sonra «işin içindən iş çıxar, dövlətə problemlər yarana bilər» deməklə deputatları ehtiyatlı olmağa çağırmışdı. Tehran Universitetinin Hüquq və Siyasi Elmlər fakültəsinin dekanı, doktor Həmid Əhmədi ölkə ərazisinin 10 inzibati regiona ayrılması haqda təklifləri və bu barədə Məclisə təqdim olunmuş layihəni «təhlükəsizliyin və milli birliyin zəiflədilməsinə səbəb olacaq bir iş» hesab etmiş, bu işə 1324-cü ildə (1945-ci il 21 Azər hərəkatını nəzərdə tutur – Ə.M) və 1339-cu ildə (1950) əl atıldığını və baş tutmadığını söylədikdən sonra demişdi: «Azlıqda olan xalqlar yeni bölgünün ardınca muxtariyyət tələbi ilə çıxış edə bilərlər. Milli birliyə və təhlükəsizliyə əhəmiyyət verənlər bu işdən nigarandırlar… Bu iş ayrı-ayrı qrupların və ağılsızların işidir».
Əlbəttə, Həmid Əhmədi İran tarixində zülmkar, şovinist Rza şahın və onun oğlunun dayanmış dəyirmanına su töküb onu hərəkətə gətirmək arzusu ilə yaşayanlardandır. Lakin cənab doktor bilməlidir ki, indi nə XIX, nə də XX əsr deyil, millətlərin ayağa qalxdığı və öz haqlarına sahib çıxmaq əzmi ilə mücadilə meydanına atıldığı, demokratiyaya, sivil gələcəyə doğru irəlilədiyi XXI əsrdir. Bu əsr həm də türkün uğurlu əsri olduğundan torpağı tikə-tikə doğranmış Güneydəki soydaşlarımızın işıqlı sabahına inanırıq. Onun Şərqi Azərbaycanı, Qərbi Azərbaycanı, Həmədan, Ərdəbili, Zəncanı, Qəzvini, uzaq düşmüş Savəsi, qürbətdə qalan Astarası və daha neçə-neçə bölgəsi Azərbaycan adı altında birləşəcək və vahidləşəcək. Güney Azərbaycanda milli oyanış hərəkatının gündən-günə genişlənməsi və vüsət alması bu inamı daha da artırır. Bu baxımdan gənc soydaşımızın «Nəvide-Azərbaycan» qəzetinin 191-ci sayında dərc olunmuş məqaləsi diqqətəlayiqdir. Məqalədən görünür ki, güneyli türklər ölkənin yeni inzibati-ərazi bölgüsü haqqında İran İslam Şurası Məclisinə təqdim olunmuş, hələ də məzmunu gizli saxlanılan layihədən və bu layihə ətrafında gedən söz-söhbətdən, ara-sıra qəzet və dərgilərdə aparılan diskussiyalardan narahatdırlar. Həmin narahatlığı ifadə edən müəllif yazır: «Daxili İşlər Nazirinin müavini yeni bölgüdə 10 əyalətin yaradılacağını bildirir. Lakin bu bölgüdə hansı prinsipin əsas götürüləcəyini, hansı əyalətlərin və şəhərlərin hansı inzibati-ərazi vahidinə daxil olacağını açıqlamır. Görəsən, yenə də Şərqi Azərbaycanı, Qərbi Azərbaycanı, Ərdəbil və Zəncanı ayrı-ayrılıqda ostan kimi görəcəyik? Yaxud Qəzvin və Həmədan kimi türkdilli bölgələrimiz, Gilanın tərkibinə qatılmış Astara, digər türkdilli şəhərlərimiz yeni bölgüdə Azərbaycan əyalətinə daxil ediləcəkmi? Azərbaycan eşqi ilə yaşayan biz cavanlar Azərbaycan ərazisinin bir əyalətdə birləşdirilməsi haqqında Məclisdə məsələ qaldırmağı bölgələrimizdən seçilmiş deputatlardan xahiş edirik». İran İslam Şurası Məclisində türkləri təmsil edən deputatlara ünvanlanmış bu müraciət əslində 35 milyonluq bir xalqın səsidir, qanuna və haqqa söykənən tələbidir.




ŞƏRH YAZ