Arif Kəskin. QARABAĞ NİYƏ BİZİM MİLLİ MƏSƏLƏMİZDİR?

>> 6.10.10

ZİYA SƏDRİN QARABAĞ HAQQINDA FİKİRLƏRİNƏ DAİR

Ziya Sədrül-Əşrafinin: "Güney Azərbaycanlıların ermənilərlə problemi yoxdur, yalnız Quzey Azərbaycanlıların var, o da bizi maraqlandırmaz" – şəklində sözləri bir neçə dəfə GünAz TV ekranlarından səsləndi. Ziya Sədrə görə, ermənilər Güney Azərbaycanın hər hansı bir ərazisini işğal etməyiblər, buna görə də Güney Azərbaycan üçün problem sayılmazlar. Başqa sözlə, Milli Hərəkatın içindəki Qarabağ həssaslığı zərərli, mənasız və yanlışdır. Güney Azərbaycanın özünə aid olmayan problemlərin tərəfinə çevrilməsi doğru olmaz.
Ziya Sədrül-Əşrafinin yuxarıda xülasəsini verdiyim düşüncələrini müxtəlif bucaqlardan təhlil etmək mümkündür. "Ziya Sədr bu fikirləri niyə söyləyir və niyyəti nədir?" məsələsini analiz etmək bu yazının hədəfi deyil. Çünki demokratiyalarda niyyət oxumaq və niyyət əsasında mühakimə yürütmək doğru sayılmaz. Meyar insanların əməlidir. Ancaq İrandakı rəsmi islam anlayışı həm niyyətin, həm də əməlin "saleh" olmasını əsas götürür. Bu da müasir demokratik prinsiplərə ziddir.


İnsan haqları, beynəlxalq hüquq, qloballaşma və Qarabağ məsələsi

Ziya Sədr özünü demokratiya, insan haqları və beynəlxalq hüquq normalarının tərəfdarı kimi göstərir. Haqlı olaraq da, bunların icra olunmasının qızğın tərəfdarlığını edir. Qarabağ məsələsinə ilk olaraq, insan haqları və beynəlxalq hüquq normaları əsasında baxmaq lazımdır. BMT-nin 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrində Qarabağın Azərbaycan torpağı olması təsdiqlənib. BMT-nin qərarlarına görə, Qarabağ Azərbaycan torpağıdır. Qarabağ münaqişəsində ermənilər Xocalı faciəsi kimi soyqırımı sayıla biləcək çoxlu sayda insani cinayətlər işlətdilər. Ermənilər özlərinə aid olmayan torpağı insani cinayətlər törədərək işğal etdilər. Bu vəziyyətə qarşı olmaq əxlaqi və insani bir vəzifədir. Qarabağ məsələsində Azərbaycanın yanında olmaq üçün türk və ya azərbaycanlı olmağa ehtiyac yoxdur. İnsan haqlarına və beynəlxalq hüquq normalarına inanan hər kəs Azərbaycanın yanında olmalıdır. Güney Azərbaycan Milli Hərəkatı Qarabağ məsələsində Azərbaycanı himayə etməklə, ilk növbədə insan haqlarına və beynəlxalq hüquq normalarına bağlılığını yerinə yetirir.
Bizim yaşadığımız əsrdə qloballaşma meylləri güclü, sürətli və geniş şəkildə özünə göstərməkdədir. Qloballaşma prosesi istər-istəməz bizi həm dünya, həm də regional gəlişmələrə daxil edir. "Mənə nə?" deyə biləcəyimiz bir dünya artıq yoxdur. Dünyada hər şey bizi maraqlandırır. Evimiz Yer kürəsi qədər geniş olub. Ona görə bütün dövlətlər bir-birinin işinə qarışırlar. Braziliya ilə İran arasında coğrafi məsafə böyükdür, ancaq Braziliya İranda baş verən hər şeylə maraqlanır, ona qarışır və onu istədiyi istiqamətə çəkmək istəyir. Bu çərçivədən baxdıqda, Güney azərbaycanlıların Qarabağ kimi strateji əhəmiyyətə malik bir hadisəyə laqeyd qalması qloballaşmış müasir dünyamızda nə mümkündür, nə də doğrudur.

Qarabağ əxlaqi məsələmizdir

Hamı bilir ki, ermənilər Qarabağı Rusiya və İranın himayəsi ilə ələ keçirib. İran və Rusiyanın himayəsi olmasaydı, ermənilərin Qarabağı işğal etməsi mümkün deyildi. “İran Ermənistanı niyə himayə elədi və eləyir?" – sualı əhəmiyyətlidir. İran Quzey Azərbaycanın güclənməsini və Güney Azərbaycan üçün cazibə mərkəzi olmasını istəmir. İran Qarabağ münaqişəsində Ermənistan himayə edərək, Azərbaycanı zəiflətməkdə, onun oyun sahəsini daraltmaqda və müstəqil hərəkət imkanlarını əlindən almaqdadır. Güney Azərbaycan İranın Qarabağ münaqişəsindəki siyasətinin müəyyənləşdirici faktorudur. İran Qarabağ münaqişəsində Ermənistanı himayə etməklə, təkcə Quzey azərbaycanlıları deyil, eyni zamanda Güneyliləri də cəzalandırır. İran Güney Azərbaycanı boğmaq üçün Quzey Azərbaycanı zəiflətmək istəyir. Başqa sözlə ifadə etsək, əslində Quzey azərbaycanlılar Güney Azərbaycanda yaşayan azərbaycanlıların kötəyini yeyir. İran Güney azərbaycanlıları əzmək üçün Qarabağ məsələsində erməniləri himayə edirsə, biz milliyyətçi olmasaq da, əxlaqi baxımdan Azərbaycanı müdafiə etməliyik. Buradan çıxış etsək, hər bir Güney azərbaycanlı üçün Quzey Azərbaycanı İranın zərərlərindən qorumağın milli-milliyyətçi vəzifənin kənarında əxlaqi və insani vəzifə olduğunu söyləyə bilərik. "Məndən ötrü zərər çəkən biri varsa, ya ona zərər verənin qabağını almalıyam, ya da onun zərərlərinə şərik olmalıyam" – Güney Azərbaycanın Qarabağ münaqişəsindəki mövqeyini təyin edən əxlaqi prinsip budur.

Kimlik müzakirələri və Qarabağ

Cinsiyyət, irq, din, etnik mənsubiyyət və milli kimlik məfhumları bu gün sosial elmlərdə qurucu və mərkəzi məfhumlardan sayılır. Kimlik və hüviyyət məsələsi təkcə daxili siyasəti şəkilləndirməklə qalmır, eyni zamanda xarici siyasətin formalaşmasında da həlledici rol oynayır. Kimlik bütün ölkələrin xarici siyasətinin əsasını və özülünü təşkil edən faktorlardan biridir. Avropanın xarici siyasəti Avropalılıq əsasında şəkilləndiyi kimi, Amerikanın xarici siyasəti də Amerikalılıq əsasında formalaşmışdır. Kimlik və hüviyyət xarici siyasətin ayrılmaz parçasıdır. Son zamanlarda akademik dairələrdə xarici siyasət və kimlik arasındakı əlaqəyə dair araşdırmaların sayında nəzərə çarpan artım görünməkdədir.
Qarabağ münaqişəsinə kimlik ünsürünün necə təsir qoyduğunu izah etmək mümkündür. Rusiya, Fransa, Amerika və ümumiyyətlə, Qərbin Qarabağ münaqişəsindəki mövqeyində müsəlmanlıq və xristianlıq ayrı-seçkiliyinin təsirini görmək çətin deyil. Bu günkü vəziyyət tərsinə olsaydı və Ermənistanın torpağı Azərbaycan tərəfindən işğal edilsəydi, Qərbin mövqeyi daha çox sərt olardı. Bəlkə də Azərbaycana qarşı hərbi müdaxiləyə təşəbbüs belə edərdi. Azərbaycan hüquqi cəhətdən bütün sahələrdə qazandığı halda, əməldə Rusiya və Qərbin Ermənistan siyasətini dəyişdirə bilmir. Bunun arxasında xristianlığın əhəmiyyətli bir amil olduğunu unutmamaq lazımdır. İranın Qarabağ siyasəti də fars milliyyətçiliyi əsasında şəkillənmişdir. Fars kimliyinin özünü türk/Azərbaycan əleyhdarı kimi müəyyənləşdirməsi, ermənilərlə tarixi və geopolitik ortaqlıq duyğusu İranın Qarabağ siyasətinin özülünü təşkil edir. Unutmamaq lazımdır ki, Qarabağ məsələsində İrandakı hakimiyyət və müxalifət arasında eynilik vardır.
İndi bu nöqtədə "biz kimik?" sualını soruşmaq lazımdır. Biz Azərbaycan türküyük. Bizim azərbaycanlı kimliyimiz bizi dünya azərbaycanlılarına bağlayır, türk kimliyimiz isə türk dünyasına. Qarabağ Azərbaycanın ən qədim torpaqlarından sayılmaqdadır. Üstəlik, Qarabağ coğrafi özəlliyi və Azərbaycanın mədəniyyət və tarixində oynadığı rol üzündən də azərbaycanlı kimliyində mərkəzi əhəmiyyət daşımaqdadır. Assimilyasiya siyasəti nəticəsində Qarabağın Güney azərbaycanlıların zehnində lazımi qədər yer tutmadığı aydındır. Güney azərbaycanlılar içərisində milli kimlik mübarizəsi yüksəldikcə, assimilyasiya azaldıqca və insanlar öz milli kimliklərinə geri döndükcə, Güney azərbaycanlıların şüurunda Qarabağ məsələsi mərkəziyyət qazanır. Qarabağın mərkəziyyət qazanması qaçılmazdır, buna maneə törədilməsi isə nə mümkündür, nə də doğrudur.
Sədrül-Əşrafi özünü federalist kimi təqdim edir. O, İranda azərbaycanlıların federal bir rəhbərlik modeli içində özlərini idarə etməsi təklifini irəli sürür. Belə bir siyasi strukturun Qarabağ məsələsinə laqeyd qalacağını düşünmək nə istədiyini bilməmək anlamına gəlir. Güney Azərbaycandakı Milli Hərəkatın inkişaf prosesi federal, istiqlal, mədəni haqlar və ya hər hansı bir modelə doğru gedirsə-getsin, Qarabağ məsələsi mərkəzi rol oynayacaqdır. Çünki Milli Hərəkat içində Azərbaycan-Türk kimliyi İran kimliyinin altçoxluğu kimi deyil, müstəqil və İranı istisna edən bir məfhum şəklində təzahür edir. Ziya Sədrül-Əşrafi isə Azərbaycan-türk kimliyini İran kimliyinin altçoxluğu və onu təşkil edən ünsürlərdən biri kimi görmək istəyir. Ancaq bu arzunun reallaşması nə mümkündür, nə də doğrudur.

Milli Hərəkatın yüksəlişi ilə Qarabağ münaqişəsinin eynivaxtlılığı

Sədrül-Əşrafi Qarabağ münaqişəsinin Güney Azərbaycan Milli Hərəkatının ortaya çıxışı və yüksəlişindəki əhəmiyyətini nəzərə almır. Qarabağ məsələsi Milli Hərəkatın meydana gəlməsinin emosional zəminini təşkil edib. Qarabağ müharibəsinin davam etdiyi dövrdə Güney Azərbaycan qaynayırdı. Hara getsəydin, Qarabağdan bəhs edilərdi. Milli Hərəkatın ilk təşkilatları o dövrdə quruldu. İlk tələbə hərəkatı Qarabağda hərbi münaqişə dövründə təşkilatlandı. 1981-ci ildən sonra İranda rejim əleyhinə ilk nümayiş 1991-92-93-cü illərdə Təbriz, Urmiya və Tehranda Qarabağ münaqişəsi ilə əlaqədar keçirildi. Qarabağ münaqişəsi Milli Hərəkatı yaradan, genişlənməsinə kömək edən və onun söyləmlərinin dərinləşməsinə imkan verən başlıca amillərdən biridir. Qarabağ münaqişəsi Milli Hərəkatın əsas məsələlərindən biridir.

Cilovluq hadisəsi və biz

"Ermənilərin Güney azərbaycanlılarla ixtilafı yoxdur" – sözü bəsit, tarixi qaynaqdan məhrum və ermənilərin həqiqi simasını tanımamaqdan irəli gəlməkdədir. Cilovluq hadisəsini unutmamışıq. Ziya Sədr kimi adamlar: "O, keçmişdə olub, indi onu gündəmə gətirməyin mənası yoxdur" – deyə bilərlər. Onda onlardan soruşmaq lazımdır: "Ermənilər 1915-ci il hadisələrindən niyə əl çəkmirlər?" Tarixi hadisələr yalnız tarixin qəbiristanlığında qalacaqsa, onda ilk növbədə ermənilərin o tarixi nifrət, kin və düşmənlikdən təmizlənmələri lazımdır. Niyə bizim başımıza gələnlər tarix olur, ermənilərin başına gələnlər isə indiki vaxtda qanunlara çevrilir?! Yəhudi soyqırımı tarix olmadığı kimi, Cilovluq hadisəsi də yalnız tarix olmamalıdır. 1946-cı ildə Azərbaycan Milli Hökuməti yıxıldıqdan sonra on minlərlə azərbaycanlı öldürüldü, didərgin düşdü, sürgün edildi və həyatları məhv oldu. Bütün bu faciələri yalnız tarixin soyuq səhifəsinə basdırıb yola davam etmək müasir insani dəyərlərə ziddir. Qərb öz tarixi faciələrini tarixin qəbiristanlığına gömmür, onunla üzləşir, özünün çirkin keçmişini görə bilir, o hadisələrdən çıxardığı dərslər üzərində bu gününü və gələcəyini qurur. Cilovluq hadisəsini yalnız tarixi hadisə kimi görən insan Qərbdə yaşadığı halda, Qərbi tanımır. Onun şüurunu, dəyərlərini və meyarlarını mənimsəməyib. Bu tarixi təcrübəmizlə yanaşı, ermənilər “Böyük Ermənistan” xülyası çərçivəsində Güney Azərbaycanın böyük bir hissəsinə göz dikib. Bu gün onların bu arzularına çatmalarının mümkün olmaması bizim bu məsələyə əhəmiyyət verməməyimiz anlamına gəlməz.

Erməni diasporu və Qarabağ

Sədrül-Əşrafinin: "Güney azərbaycanlıların Qarabağ məsələsi ilə nə işi var?" – sözünün nə qədər bəsit, dayaz və səhv olduğunu göstərmək üçün ermənilər və kürdlərdən də nümunə vermək yerinə düşər.
Tehrandakı ermənilər hər il aprelin 24-də Türkiyə əleyhinə mitinq keçirirlər, Türkiyənin bayrağını yandırıb türklər əleyhinə şüarlar verirlər. İrandakı ermənilərə "Osmanlıdakı ermənilərin işinə niyə qarırşırsınız?" və ya "Qarabağda baş verənlərdən sizə nə?" desəniz, nə söyləyəcəklərini təxmin etmək çətin deyil: "Ermənilər harada olursa-olsunlar, eyni və birdirlər". İrandakı ermənilərin Qarabağ münaqişəsində Ermənistanın xeyrinə nə qədər aktiv və fəal olduqlarına yüzlərlə nümunə vermək mümkündür. Avropada və Amerikadakı erməni diasporu üzvlərinin yüzdə neçə faizi bu gün Ermənistan kimi tanınan ölkədəndir. Erməni diasporunun Qarabağ münaqişəsində Azərbaycana nə qədər zərər verdiyini açıqlamağa ehtiyac yoxdur. Erməni diasporunun nümayəndələri: "Biz ermənistanlı deyilik, Qarabağdan bizə nə?" – demirlər. Qərbdə güclü olan erməni diasporu İran rejiminin ən böyük himayəçisi kimi tanınır. Erməni diasporu İranın Ermənistanın təhlükəsizliyi baxımından həyati dərəcədə əhəmiyyət daşıdığını bilir.
Kürdlər dörd ölkədə yaşayırlar: İraq, İran, Suriya və Türkiyə. Bunların bir-birlərinə yönəlik həssaslığı çox yüksəkdir. PKK yalnız türkiyəlilərdən ibarət deyil, eyni zamanda Suriya və İrandan bir çox kürd o təşkilatın içində yer almaqdadır. İrandakı Kürdüstan Demokrat Partiyası Türkiyədə gedən kürd ayrılıqçı/milliyətçi hərəkatı ilə çox yaxından maraqlanmaqdadır. Abdullah Öcalan tutulub Türkiyəyə gətiriləndə, İrandakı kürdlərin etiraz etdiklərini, ortalığı qarışdırdıqlarını və rejim qüvvələri ilə toqquşduqlarını bilirik. Ziya Sədr də bunların hamısını bilir. Ziya Sədrül-Əşrafinin İKDP (İran Kürdüstan Demokrat Partiyası) ilə yaxından işbirliyi var. "Qarabağdan bizə nə?" – deyə bilən Ziya Sədr İKDP-nin rəhbərlərindən: "Türkiyə, Suriya və İraqdakı kürdlərdən sizə nə?" – şəklində bir sual soruşmağa cürət etsə, onların nə deyəcəyini təxmin etmək çox da çətin deyil. Onun: “Kürdlər harada olursa-olsunlar, eyni və birdirlər" – cavabını alacağı qətidir.

Son söz

Ziya Sədr Milli Hərəkatı tanımadığı kimi, siyasəti də bilmir, Qərbi də yaxşı tanımır. Xarici və təhlükəsizlik siyasətinin mürəkkəbliyini nəzərə almır. Siyasət, sosiologiya, kulturologiya, psixologiya və s. kimi akademik elm sahələrindəki mübahisələrdə kimlik məsələsinin qurucu ünsürlərdən biri olduğunu da unudur. Bütün bunlarla birlikdə, işin kədərli tərəfi odur ki, Ziya Sədr Azərbaycan millətinə köməkçi olmaq yerinə, ona yük olur. Problem həll edən olmaq əvəzinə, özü problem olur.


01 oktyabr 2010, Ankara


Davamı

Yusif Vəzir Çəmənzəminli. AZƏRBAYCAN VƏ AZƏRBAYCANLILAR

>> 1.8.10

(Məqalədən parçalar)

Azərbaycan ən qədim zamandan bəri yaşaya gəlmişdir. Məmləkətin əski hüdudu Xorasan, İsfahan, Diyarbəkir, Ərzincan, Qafqaz silsiləsi və Dərbənd şəhəri dairəsində böyük bir qitə təşkil eləyir. Azərbaycan uzun əsrlər müddətində bir çox millətlər afininə təsadüf edib də, ancaq zahiri-şəklinə təğyir verə bilmiş. Daxildə isə bütün istiqlali-milliyyəsini mühafizə edə durmuş. İstər ərəb, istər fars qılıncı Azərbaycanı başdan-başa istila etdikdə, onun ruh və mənəviyyatını heç bir zaman kəndilərinə tabe edəməmişlər. Ərəb və farsın yüksək mədəniyyətləri də Azərbaycanın milli xüsusiyyətlərilə mübarizə etmədə aciz qalmışlardır. Çünki azərbaycanlıların fitrətlərində öylə bir qüvvət var ki, o millətin daima sabit və mətin qalmasına və kəndisini qaib etməməsinə səbəb olmuş. O səbəblədir ki, tarixin uzun əsrlərində dəfələr ilə qəzaya uğrayıb idari şəklini dəyişdirən Azərbaycan yenə də istiqlaliyyət yoluyla getməyə başlayır, zaman və siyasi vəziyyətlər imkan verdikdə yenidən dövlət şəklinə düşməyə çalışır…

Azərbaycan türkü yalnız Qafqazda sakin olmayaraq İranın şimalını da işğal eləyir... Əsrlərdən bəri tarixi bir həyat sürən azərbaycanlıları İran və Rus arasında təqsim etməyi süniliyini daima duydururdu. Bunların milli, mədəni və iqtisadi rabitələri sabit duruyordu. Qısası, ayrı-ayrı idarələrə tabe olduqlarına baxmayaraq, daima bir ruh və bir vücuda mənsub olmalarını bildirirdilər. Qafqaz türkündə bir hərəkət baş göstərdikdə, eynilə İran Azərbaycanına sirayət ediyordu.
1905-ci rus inqilabına Qafqaz türkləri də iştirak etdilər. İran türkləri qafqazlı qardaşlarını təqlid edərək, İran istibdadına qarşı inqilab doğurdular. Bu inqilabda birinci rol oynayan Təbriz türkləri oldular. Türk qəhrəmanı Səttar xan Təbriz mücahidlərinə (hürriyyətçilərinə) qarşı göndərilən şah əsgərlərini məğlub edib, İranın məşrutiyyətli bir dövlət olmasına səbəb oldu.
Sonkı rus inqilabı da İrana sirayət etməmiş qalmadı. Qafqaz türkləri kəndilərinə muxtariyyət tələb etdikdə, bu ehtiyacı İran türkləri də eynilə hiss etdilər. Ədəmi-mərkəziyyət fikri İran Azərbaycanını başdan-başa dolaşıb keçdi. Son zamanlar İran və Qafqaz türklərinin ittihadı fikri də meydana çıxdı. Bolşeviklər zühurundan əvvəl Bakıda iranlı türkləri tərəfindən nəşr olunan “Azərbaycan” qəzetəsi türk ittihadının naşiri-əfkarı idi.
Hər nasılsa, şimdi Azərbaycan türkləri müttəhid bir halda qədim istiqlaliyyətlərini ehya etmək istəyirlər. Bu hərəkət Qafqazda və İranda tufan şəklini alıb. Avropa siyasiyunları kəndi faidələrini nəzəri-etibarə alaraq Azərbaycanı təqsim kibi süni bir əməliyyat icrasına şüru edərlərsə, böyük səhv yaparlar. Çünki canlı bir vücudu təşrih etmək bir o qədər də asan işlərdən deyil…

... Azərbaycan qadınının əsarəti İran pozuq mədəniyyətinin məhsuludur. O yerdə ki, İran təsiri sabitdir, orada qadın əsarəti də səltənət sürmədədir. Baxınız, şəhərlərimizdə qadın qapalıdır, köylərimizdə isə asudə və yüzü açıq bir surətdə erkəklər ilə bərabər tarlalarda çalışmadadırlar. Köy qadını yalnızbaşına bazara gəlir, alış-verişini yapar, gedər.
Şəhərlərdə qadının qapalılığı oralarda İran təsirinin mövcudiyyətidir. Bu fikrin doğruluğunu isbat etmək üçün Türküstan qövmlərinin həyatına müraciət edəlim.
Tarix göstəriyor ki, türkmanlar (təkələr) daima iranlılar ilə müharibə və mücadilədə bulunmuşlar. Şimdi də onların arasında tarixi kin duruyor. İran heç bir zaman cəngavər türkmanı kəndisinə tabe edəməmişdir…

Qeyd: Böyük ədibimiz Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) “Azərbaycan və azərbaycanlılar” məqaləsi ilk dəfə 1918-ci ildə Krımda çıxan “Millət” qəzetində çap olunmuşdur.

Davamı

Bəxtiyar Muğanoğlu. NƏ DƏRDİM?!

>> 14.1.10

Ellərimdə ayrılığın həsrəti,
Yerli-dibli yalan ola, nə dərdim?!
Sazımızda bir “Qaytarma” havasın
Zil kökləyib çalan olsa, nə dərdim?!

Yarısından çoxu ötüb yaşımın,
Nə çox imiş dərdi-səri başımın?!
Bu müqəddəs torpağımın, daşımın,
Qayğısına qalan olsa, nə dərdim?!


Vətənimi didik-didik didəni,
Ellərimi yurd-yuvadan edəni,
Haqqı danıb əyri yolu gedəni,
Zülm atından salan olsa, nə dərdim?!

Muğanoğlu, bizə dəydi belə daş,
Dilim bağlı, sinəm dağlı, gözüm yaş.
Həqiqət də öz yerini ala kaş,
Zülmün evi talan ola, nə dərdim?!



Davamı

GÜNEY AZƏRBAYCANIN İSTİQLAL YOLU

>> 31.10.09

(Quzeydə və Güneydə milli hərəkatların müqayisəsi kontekstində)

Qeyd: Bu yazı ötən il – Güney Azərbaycanda May qiyamının ildönümü ərəfəsində yazılıb və elə o vaxt bəzi saytlarda yer alıb. Son dövrün dartışmaları mövzunu aktuallaşdırdığından, onu yenidən yayınlamaq qərarına gəldim – M.M.


Ötən iki onillikdə milli-siyasi və milli-mədəni haqlar uğrunda Azərbaycanın Quzey və Güney hissələrində gedən hərəkatları müqayisə etdikdə, bir sıra maraqlı paralellər və ümumi cəhətlər diqqəti çəkir. Baxmayaraq ki, Quzeydə bu hərəkat çoxsaylı çətinliklərdən və itkilərdən keçərək, milli iradənin gerçəkləşməsi, yəni müstəqilliyin əldə olunması ilə sonuclanmış, Güneydə isə ağır şərtlər altında, enişli-yoxuşlu bir yolla hələ davam etməkdədir.
Ölkədaxili aspektdə hər iki hərəkatın gedişinə önəmli təsir göstərən amil "mərkəz"in demokratik dəyişikliklər və liberallaşma kursunu ("yuxarıdan islahatlar") başlatması olmuşdur. Qorbaçovun məşhur yenidənqurması ilə keçmiş SSRİ-ni bürüyən ictimai oyanış ("aşağıdan hərəkatlar") qısa bir zamanda demokratik istəklərlə yanaşı, milli tələblərin səslənməsinə gətirib çıxardı. Bunun "təhlükəsini" yaxşı anlayan mühafizəkar çevrələr siyasi kursun dəyişdirilməsinə cəhd edib repressiv metodların işə salınmasına nail oldular. Bakıdakı yanvar qırğını, kütləvi həbslər, fövqəladə vəziyyət, senzura və s. bu xəttin təzahürləri olaraq, Quzeydə milli hərəkatın susdurulmasına yönəlmişdi. Lakin həmin xətt müvəqqəti uğur qazansa da, artıq dönməz xarakter almış hərəkatın qarşısını kəsə bilməzdi. Bilmədi də… 1997-ci ildən etibarən islahat atmosferinin yaratdığı imkanlardan bəhrələnərək, özünün yeni mərhələsinə daxil olan Güney Azərbaycan milli hərəkatı da təqribən eyni yolu keçmiş, az sonra mühafizəkar qüvvələrin səyi ilə vətəndaş hüquqlarının (ilk növbədə, aktiv seçki hüququnun) məhdudlaşdırılmasına, qəzet və dərgilərin bağlanmasına, milli fəallara qarşı həbs və təzyiq kampaniyasının həyata keçirilməsinə baxmayaraq, dönməz bir səciyyə kəsb etmişdir. 2006-cı ilin May qiyamı bu dönməzliyin parlaq sübutuna çevrilmişdir.

Diqqəti çəkən digər bir maraqlı cəhət hər iki hərəkatın bir növ eyni mexanizm üzrə hazırlanması və gerçəkləşməsidir. Təfsilata varmadan bunun ziyalılar → tələbələr → kütlələr sxemi üzrə baş verdiyini söyləyə bilərik. Hər iki halda beynəlxalq faktoru da nəzərdən qaçırmaq olmaz. Dünyada gedən qloballaşma və demokratikləşmə prosesləri, milli hüquqları da ehtiva edən insan haqları məsələsinin prioritetə çevrilməsi və ölkələrin "daxili işi" olmaq statusundan çıxması kimi amillər hərəkata birbaşa və dolayısı ilə təsir göstərmiş və göstərməkdədir. Qeyd edək ki, beynəlxalq situasiyadakı dəyişikliklər nəticəsində regional faktorlar Quzeylə müqayisədə Güneydəki hərəkatda daha güclü etkiyə malikdir. Burada digər mühüm bir amil olaraq, Quzeydə ermənilərin, Güneydə isə kürdlərin ərazi iddialarını vurğulamaq lazımdır. Və maraqlı cəhət hər iki halda "mərkzəz"in eyni mövqe sərgiləməsidir: vaxtilə Moskva erməniləri dəstəklədiyi kimi, Tehran da açıq və ya gizli şəkildə kürdləri himayə etməkdədir. Bu birtərəfli mövqeyin "bumeranq effekti" Quzeydə müşahidə olunduğu kimi, yəqin ki, Güneydə də özünü göstərəcəkdir.
İstənilən milli-azadlıq hərəkatına həm uğur gətirən, həm də ona problemlər yaradan məsələlərdən biri də kütləviləşmə mərhələsində onun sosial-siyasi tərkibinin hədsiz rəngarəngliyi, qeyri-yekcins xarakter daşımasıdır. Nə qədər paradoksal görünsə də, bu, belədir. Təbəqə mənafelərinin, korporativ maraqların milli istəklərlə çulğaşması, eyni zamanda hədəflərə taktiki yanaşmaların müxtəlifliyi istər-istəməz hərəkatdaxili ziddiyyətlər doğurur. Hərəkatı zəiflətmək və boğmaq istəyən və necə deyərlər, bunun üçün marığa duran qüvvələr də onları qızışdıraraq, öz xeyrinə bəhrələnməyə çalışır. Bununla bağlı istər keçmiş sovet rəhbərliyinin, istərsə də indiki İran rejiminin "təcrübəsindən" kifayət qədər misallar göstərmək mümkündür. Ən pisi isə bu ziddiyyətlərin hərəkata kənardan dəstək verməli olan, onun beynəlxalq səviyyədə tanınmasına yardım etməli olan qurumlara keçməsidir. Fikrimizcə, sonralar nə qədər acınacaqlı duruma düşsə də, özlüyündə bir ideya kimi son dərəcə əhəmiyyətli olan DAK-dakı proseslərə bu amil də əhəmiyyətli təsir göstərmişdir. Bu baxımdan Güney Azərbaycan milli hərəkatında əski kommunistlərin və bütövlükdə solçu ideologiya tərəfdarlarının rolunu nəzərdən qaçırmamaq lazımdır. Onların müxtəlif çıxışlarının, nəşr və saytlarının təhlili göstərir ki, burada səmimi şəkildə milli platformaya keçənlərlə yanaşı, bəlli maraqları milli şüarlarla pərdələyən, son nəticədə hərəkatı ümumiran hərəkatı içərisində "əritmək" istəyən qüvvələr də vardır. Sonuncu isə paniranistlərin strateji hədəflərinə yarayan bir mövqedir. Xatırladım ki, Quzeydə milli hərəkat gücləndiyi dönəmdə də bir çoxları analoji mövqedən çıxış edirdilər, hətta sonralar müstəqil Azərbaycan Respublikasında mühüm dövlət vəzifələri tutan, indinin özündə də siyasi partiya lideri kimi parlamentdə təmsil olunan bəzi şəxslər Qorbaçovun SSRİ-ni saxlamaq şərtilə demokratikləşdirmək hərəkatına fəal dəstək verirdilər.
Ümumiyyətlə, hər hansı hərəkatın güclənməsinə və öz məqsədlərinə yetişməsinə maneə yaratmağın klassik üsulu alternativ hərəkatların formalaşdırılmasıdır ki, İran rejimi də bu metoddan imtina etməmişdir. Burada xüsusən hərəkatın əsas hərəkətverici qüvvələrindən olan tələbələr arasında guya milli haqlar uğrunda çalışan müxtəlif təşkilatlar və nəşrlər (reytinq qazandırmaq xatirinə onlara saxta təzyiqlər də edilir, onların təmsilçiləri hətta qısa müddətə həbs də olunurlar) yaradılmasından tutmuş açıq-aşkar irançılıq zehniyyətinin daşıyıcısı olan sosial baza əsasında müəyyən qurumların təşkilinə qədər çeşidli flormalara əl atılır.
Bu yöndə ən məkrli və təhlükəli işlərdən biri rejimin əlaltıları tərəfindən Quzey Azərbaycan əleyhinə əhval-ruhiyyənin yaradılması və gücləndirilməsindən ibarətdir. Soydaşlarımızın altşüurunda Quzeylə Güneyin guya fərqli olması təsəvvürü son dərəcə ehtiyatla, misal üçün, ilk baxışda ziyansız görünən dil müqayisəsi fonunda həyata keçirilir. İş o yerə çatır ki, Azərbaycan ədəbi dilini və bu dildə fikrini yazılı şəkildə ifadə etməyi Bakıda öyrənən şəxs də Quzeydəki dilə kinayəli atmacalar işlətməyə başlayır. Təəssüf ki, bu cür "Güney-Quzey" qarşıdurması Azərbaycan diasporundakı bəzi dairələrə də sirayət edib. Bunu bu yaxınlarda Fransadan gəlmiş bir Güneyli soydaşımızın söhbətində ürək ağrısı ilə sezdim. DAK-dakı son olaylar zamanı özünün guya millət üçün əldən-ayaqdan getdiyini iddia edənlər tərəfindən bu cəhətin vurğulandığı da bir faktdır. Yada salım ki, vaxtilə Quzeydəki hərəkata rəxnə salmaq üçün "mərkəz"in ideoloqları bu şəkildə regionçuluq faktorundan (bakılı, naxçıvanlı, irəvanlı və s.) faydalanmaq cəhdində bulunurdular.
Bütün bu problemlərə baxmayaraq, son illərdə Güneydəki milli hərəkatın uğurları durmadan artmaqda və necə deyərlər, bədxahların arzusunun gözlərində qalacağını isbatlamaqdadır. Fikrimizcə, hərəkatın ən böyük uğuru artıq onun beynəlxalq səviyyədə tanınması, xüsusən islamçı rejimin zülmlərinə məruz qalan hərəkat fəallarının beynəlxalq qurumlar, insan haqları təşkilatları tərəfindən qızğın müdafiə olunmasıdır. Bu yöndə fəaliyyət göstərən qurumların və şəxslərin fəaliyyəti başqaları üçün də örnək ola bilər. Həmçinin çeşidli münasibətlərə baxmayaraq, Güney Azərbaycanın UNPO-da təmsil olunması da önəmli bir uğur sayılmalıdır.
Əlbəttə, hərəkatın əsas ağırlığı daxildə, necə deyərlər, "içəridə"dir. Burada mühüm məsələlərdən biri odur ki, milli hərəkat fəalları mədəni-ideoloji fəaliyyətlərlə, insan haqlarının müdafiəsi ilə yanaşı, mövcud siyasi sistemin imkanlarından da istifadə edirlər. Boykot barədə emosional çağırışlara rəğmən, milli ruhlu şəxslərin Məclisə son seçkilərdə iştirakı və müəyyən uğurları bu baxımdan önəmlidir. Xatırladım ki, Quzeydə bir çox hərəkat liderlərinin (satqınlıq və xəyanət ittihamlarına baxmayaraq) o vaxtkı Azərbaycan parlamentində təmsil olunması son nəticədə müstəqillik aktının qəbulunda həlledici əhəmiyyət daşımışdır.
Belə bir şəraitdə əslində milli hərəkatın səsini beynəlxalq ictimaiyyətə çatdırmalı olan DAK axır ki, öz mövqeyini dəqiqləşdirməli, ya özünü buraxmalı, ya da həqiqi milli təşkilata çevrilməlidir. Bu təşkilat təmsilçilərinin qarşılıqlı ittihamlarından, saysız bəyanat və müraciətlərindən bezmiş insanlar gözləyirlər ki, nəhayət, həqiqətlər ortaya qoyulsun. Bilinsin ki, "mən İranın parçalanmasını istəmirəm" deyən şəxs Güney Azərbaycanın istiqlalını öz məqsədi sayan bu qurumun rəhbərliyində nə edir? Aydınlaşsın ki, İrandakı anti-Azərbaycan qüvvələrlə, Avropadakı fars lobbisi ilə əlaqələri şübhə doğurmayan şəxs bu təşkilatın tədbirlərində niyə fəallıq göstərir? Açılsın ki, bu təşkilatı parçalamaq, məhv etmək istəyən qüvvələr hansılardır?..
Güney Azərbaycan milli hərəkatı özünün həlledici mərhələsinə daxil olub. Güneyin azadlıq yolu obyektiv bir prosesdir. 35 milyonluq bir toplumun iradəsi havadan asılı qala bilməz, gec-tez "maddiləşməlidir". Quzeydəki müstəqil Azərbaycan Respublikası da bu yöndə obyektiv faktor kimi çıxış edir. Subyektiv amillər bu prosesi yubandıra, yaxud sürətləndirə bilər. Odur ki, hər kəs düşünməlidir: indi necə mövqe tutacaqsa, tarixin və millətin yaddaşında o cür də qalacaq.


Davamı

Arif Kəskin. MİLLİ HƏRƏKATIN ŞEYTANLAŞDIRILMASI

>> 17.10.09

Güney Azərbaycan milli hərəkatını yox etmək projesi nəticə verməyəcək. Üzüqaralıq isə qaranlıq otaqlarda Güney Azərbaycan milli hərəkatını yox etmək istəyən güclərə qalacaq.

Komplo teoriləri (“nəzəriyyeye-toutee”) (təxribat, qəsd nəzəriyyələri – M.M.) elmi və akademik fəaliyyətlərdə çox məqbul sayılmasa da, sıravi insanların ətraflarında baş verəni təhlil etmək üçün ən çox istifadə etdikləri bir analiz çərçivəsidir. Komplo teoriləri ağlın qətlgahı olsa da, hər siyasi təhlilçinin kifində (çantasında) olması gərəkən analiz üsullarından biridir. Çünki ətrafımızda baş verən bir çox siyasi, sosial, iqtisadi və hərbi hadisələrin arxasında gizli bir iradənin də olması ehtimal olunandır. Gizli iradəni kəşf etmək və anlamaq bəzən həyati dərəcədə önəmli olur.
İranda son prezident seçkiləri ərəfəsində və sonrasında milli hərəkat üzərinə təzyiqlər artmışdır. Azərbaycan xalqına və milli hərəkata yönəlik təhqir, təxribat, psixoloji müharibə və şantaj çoxalmışdır. Fars milliyyətçiləri Azərbaycan milli hərəkatını “Əhmədinejadın müttəfiqi” olaraq göstərirkən, bəzi insanlar da Azərbaycan milli hərəkatının söyləm və şüarlarını radikal olaraq qiymətləndirməkdədirlər. Bütün bu təzyiqlərin hədəfi bəllidir. Məqsəd Azərbaycan milli hərəkatını əsas hədəf, söyləm və şüarlarından uzaqlaşdırmaq və onu ümum-İran hərəkatı içərisində əritməkdir. Güney Azərbaycan milli hərəkatını “radikal”, “fanatik” və “faşist” bir cərəyan olaraq göstərmək çabası var. Başqa bir ifadə ilə, milli hərəkat şeytanlaşdırılır, hər cür yanlışlığın, pisliyin və radikalizmin qaynağı olaraq göstərilir. Milli hərəkatı şeytanlaşdırmaqla, onu əhliləşdirmə məqsədi güdülməkdədir.

Səltənət-tələblər (monarxistlər), yaşılçılar və digər rejimə müxalif qruplar Azərbaycan milli hərəkatını hədəf olaraq seçmişlər və onun demokratik-insani və haqlı tələblərini dünya ictimaiyyətinə “İran İslam cümhuriyyətinin” projesi kimi göstərirlər. Yuxarıdakı cərəyanlar milli hərəkatın içində də özlərinə müttəfiqlər tapıblar. Bunlar da içəridən milli hərəkatın haqlı tələblərini “radikal”, “fanatik” və “antidemokratik” olaraq göstərirlər.
Bu gün milli hərəkat hər tərəfdən təzyiqlərlə qarşı-qarşıya qalmışdır. İran içində islam cümhuriyyəti var gücü ilə milli hərəkatı yox etməyi hədəfləmiş və Azərbaycana daha öncə heç görünmədiyi qədər əmniyyəti-ittilaati (təhlükəsizlik – M.M.) basqısını artırmışdır. Xaricdə rejim müxalifləri də heç görünmədiyi qədər milli hərəkata saldırmaqdadırlar. Bunlara paralel (müvazi) olaraq, milli hərəkatın öz içindən də milli şüar və söyləmlərə yönəlik şantaj, təhqir və təxribat dalğası davam etməkdədir.
Göründüyü kimi, milli hərəkat bir-birinə düşmən olan güclərin birləşdiyi nöqtədir. Azərbaycan milli hərəkatı hamının şeytanıdır və indi hamı ona daş atır. Azərbaycan milli hərəkatına daş atmaqla, özlərini daha çox “vətənpərəst”, “irançı”, “demokrat”, “modern” və “mütərəqqi” olaraq hiss edirlər. Azərbaycan milli hərəkatını doğru başa düşüblər. Azərbaycan milli hərəkatı cəhalətin, xəyanətin, istibdadın, zülmün, hər cür qeyri-insaniliyin, faşizmin, şövinizmin, geriqalmışlığın və yoxsuluğun “şeytanıdır”.
Güney Azərbaycan milli hərəkatı gerçək azadlığın, ədalətin, demokratiyanın və insan haqlarının cisimləşmiş halıdır. Onu şeytanlaşdıraraq, haqlı şüarlarını əlindən ala bilməzlər.
Milli hərəkat bu mərhələdən də güçlü, başarılı və qazanclı olaraq çıxacaqdır. Çünki milli hərəkatın heç bir şüar və söyləmi radikal deyildir. Güney Azərbaycan milli hərəkatının məfkurəsi demokratiya, insan haqları və hüquq əsasında formalaşmışdır. Azərbaycan xalqının başqa millətlərin torpağında gözü yoxdur. Azərbaycan xalqı başqa millətləri təhqir eləmir. Azərbaycan xalqının imperiyaçı fikir, duygu və iradəsi yoxdur. Azərbaycan xalqı özü özünü idarə eləmək istəyir. Daha başqa bir kimliyin idarəsi altında yaşamaq istəmir. Bu düşüncənin harası radikal, fanatik və faşist mahiyyətlidir?! Buna da haqqı vardır. Milli şüar və söyləmləri şeytanlaşdıraraq, Azərbaycan xalqının bu haqqını heç kimsə əlindən ala bilməz. Güney Azərbaycan milli hərəkatını yox etmək projesi nəticə verməyəcək. Üzüqaralıq isə qaranlıq otaqlarda Güney Azərbaycan milli hərəkatını yox etmək istəyən güclərə qalacaq.




Davamı

Səid Mətinpur. TÜRK MİLLƏTÇİLİYİ: BİR İTTİFAQ ARASINDA YOL

>> 23.12.07

Doqquz il bundan qabaq Tehranda oxuyarkən, dostlarımdan biri məni iranşünaslıq fondlarından birinə aparmışdı. Orada diqqəti çəkən şeylər çox idi: fond sədrinin «salam» sözünə allergiyasından və ona müraciət edənlərin hamısından «dorud be» («salam» mənasındadır, əsil fars sözü sayılır – M.M.) sözünü gözləməsindən tutmuş həmin fondda ermənilərin ciddi fəaliyyətinə, Mədəniyyət naziri Ətaullah Mühaciraninin, prezident Xatəminin və xaricdə, məsələn, Avstraliyada yaşayan iranlıların ona yardımlarına qədər. Amma mənim diqqətimi hər şeydən artıq özünə çəkən və bu gün də zehnimi məşğul edən şey o oldu ki, bu fondun o qədər də zəngin olmayan kitabxanası üç hissədən – farsşünaslıq, ermənişünaslıq və kürdşünaslıq bölmələrindən ibarət idi. Həmin kitabxanada ölkədə yaşayan digər xalqlar, məsələn, türklər, ərəblər, türkmənlər, bəluclar, yaxud İrandakı dini və məzhəbi azlıqlar – sünnilər, əhli-həqq, dərvişlər, yəhudilər, xristianlar və b. haqqında bir kitab belə tapılmırdı.

Bu fondun binası Tehran universitetinin yaxınlığında idi. Bir az o tərəfdə isə ermənilərin müqəddəs Sərkis kilsəsi yerləşirdi. Mən təqribən hər gün bu məsafəni qət edirdim. Mənzilim kilsənin yaxınlığında idi və hər gün kilsənin ətrafındakı divarları görürdüm. Divarlar Türkiyə dövləti, osmanlı türkləri əleyhinə şüarlarla, 1914-cü ildə Osmanlı dövlətinin bir milyondan artıq ermənini qətlə yetirdiyini iddia edən köhnə və yeni plakatlarla dolu idi. Hər il aprelin 24-də ermənilər kilsənin qarşısına toplaşıb o hadisənin qurbanlarını yad edirdilər. Ola bilər ki, bu hadisə həqiqətən baş verib; ola da bilər ki, kimlərinsə uydurmasıdır. Amma sonradan mənə aydınlaşan həqiqət bu oldu ki, əvvəla, bu miqyasda kütləvi qırğının baş verdiyini sübut edəcək etibarlı bir sənəd yoxdur. İkincisi, bu hadisə Osmanlı dövlətinə aid edilir, halbuki bu gün belə bir dövlət mövcud deyil. Osmanlı dövləti əslində islam xilafəti tipli bir imperiya idi və orada türk, ərəb, kürd kimi müsəlman millətlər, bəzi xristian xalqlar və yəhudilər yaşayırdılar. Osmanlı dövləti və ordusunda hətta ermənilər də mənsəb sahibi idilər, o da qalsın ərəblər və kürdlər ola. Hazırkı Türkiyə Respublikası həmin imperiyanın kiçik bir hissəsidir ki, böyük zəhmətlər və çoxlu şəhidlər vermək bahasına o dövrün super gücləri, xüsusən İngiltərə qarşısında öz varlığını qoruyub saxlaya bilmişdir.
Hər il aprelin 24-də türk tələbələr də kilsənin qarşısına gəlir və sözügedən məsələ barəsində ora toplaşanlarla (sonradan onlara BMT nümayəndəliyi qarşısında da mitinq keçirmək icazəsi verildi) mübahisə edirdilər, onlara soydaşlarının Arazın o tayında törətdiyi cinayətləri, Xocalı qırğını kimi hadisələri xatırladır, buradan ora edilən köməklərdən söz açırdılar. Onlar da bir neçə dəfə tələbələri döymüş, iki il əvvəl isə gənc şairlərdən birini yaralayıb xəstəxanaya düşməsinə səbəb olmuşdular.
Nə üçün onların (həm də İrandakı erməni icmasının nümayəndələri sayılmadıqları halda) dini bir məkandan siyasi fəaliyyət üçün istifadəsinə və buna etiraz edən müsəlmanları islam hökuməti polisinin gözləri qarşısında yaralamasına icazə verilir?
Gələk Azərbaycana. İnqilabın əvvəllərində Nəqədə şəhərində qəflətən Kürdüstan Demokrat Partiyası silahlı qüvvələrinin mitinqi keçirildi, əhali onların qarşısına çıxanda isə şəhər türk, eləcə də kürd vətəndaşların cənazələri ilə doldu. O zaman hakim dairələrin bütün siyasəti xalq, xüsusən ziyalılar tərəfindən dəstəklənməsə də, çoxları bu təcavüzkar hərəkəti, eləcə də Kürdüstan Demokrat Partiyasının və Komələ Partiyasının digər addımlarını pisləyirdilər. Azərbaycan əhalisi, özəlliklə Nəqədə sakinləri mətanət və müqavimət göstərib silahlı qüvvələri geri oturtmağa və türk şəhərlərində asayişi bərpa etməyə nail oldular. Qərbi Azərbaycanın bəzi şəhərlərində türklər və kürdlər illər boyu birgə yaşamışlar və türklər həmişə qonaqpərvər, əli-ürəyi açıq ev sahibi olmuşlar.
O zaman davakar kürdlər tədricən küncə sıxışdırılıb ya ölkəni tərk etdilər, ya da dağlara çəkildilər. Amma indi yenidən köhnə havalar çalınmağa başlayıb. Əksər kürd partiyalarının «Böyük Kürdüstan» ideyasına bağlı olduğunu bir kənara qoyaq. Hal-hazırda PKK-nın, deyəsən, əvvəllər İran İslam Respublikası hökuməti ilə əlaqədə olmuş PJAK adlı İran qanadı Qərbi Azərbaycanda baş qaldırıb və yenə də «pasdar» öldürür. Bu dəfə nəinki pasdarın və ya polis zabitinin özünə, hətta onun ailəsinə də rəhm eləmir. «Böyük Kürdüstan»ın xəritəsini çap edib Azərbaycana qarşı ərazi iddiası irəli sürür.
Azərbaycan Milli Hərəkatının fəalları və bu hərəkatdakı tələbələr 15 ildir ki, Tehran erməni yeparxiyasındakı faşistlərin yuxusuna haram qatıblar və onlara qarşı cəbhə açıblar. Bir neçə həftədir ki, Təbrizdəki yeparxiyanın binası önündə də izdiham yaşanır – minlərlə Təbriz sakini 2006-cı ilin fevral və mart aylarında Xocalı şəhidlərini, 31 martda Bakıda və Azərbaycanın digər şəhərlərində baş vermiş kütləvi qırğının qurbanlarını yad edib.
Əgər dünənə qədər Qərbi Azərbaycan sakinləri bəzi kürd partiyalarının iddialı xəritələrinə və bir sıra təhriklərinə əhəmiyyət vermirdilərsə, bu gün davakar ünsürlərin qan tökməsi əhalinin narahatlığına səbəb olub, milli hərəkat fəalları və Qərbi Azərbaycan camaatı bir neçə dəfə müxtəlif şəhərlərdə toplantı və yürüşlərlə buna öz etirazını bildirib. Hətta Avropa və Amerikadakı bəzi türkçü sol və sağ təşkilatlar belə bu qrupların azğınlığı qarşısında susa bilməyib bəyanatlar veriblər.
Əgər dünənə qədər Azərbaycan xalqı əvvəlki illərdə olduğu kimi kürdlərin və ermənilərin millətçi təhriklərinə sakit yanaşırdısa, bu gün həmin təfəkkürdən qaynaqlanan hər bir hərəkət onlarla etiraz və ya adekvat cavab doğura bilər. Söhbətə başladığımız fonda qayıdaq. O mədəni sirr bu gün bu siyasi sirrdə üzə çıxır. Pərdə arxasında yardımlar göstərən, Avstraliyadan tumuş prezident sarayına qədər geniş bir məkanı əhatə edən, «Ettelaat» qəzetinin səhifələrini fondun oyunçusunun ixtiyarına verən və dünən Kərimxan küçəsində əlindəki bıçaqla Azərbaycanlı balasını xəstəxanaya göndərən o siyasi düşüncə bu gün Makuda və Bazərganda türk sərhədçiləri və vətəndaşları gülləbaran edir. Onun tələbə nəşri açıq-aşkar Amerikanın kürdləri himayə etdiyini yazır və İslam Respublikası hökumətindən tələb edir ki, yeni hakimiyyətdə kürdləri nəzərə alsın. Onun siyasi fəalı rahatca Kürdüstan Demokrat Partiyası ilə əlaqəsindən söz açır.
Biz türklər indiyə qədər milliyyətimizə və əlimizdən alınmış hüququmuza görə hətta bir şüşə belə sındırmamışıq və çoxlu təzyiqlərə baxmayaraq, yazılmamış razılaşmamız bizi zorakılıq mərhələsinə daxil olmaqdan saxlayıb. Bununla belə Beynəlxalq Ana dili Gününü qeyd etməyə də haqqımız yoxdur, o da qalsın soruşaq ki, niyə doktor Çöhrəqani qəzəbə gəldi? Məgər o, seçkilərdə öz haqqından keçmədimi və qələbəsi şübhə doğurmadığı bir zamanda məsləhət olduğu üçün kənara çəkilmədimi?
Yaxşı olar ki, o fondun kitabxanasını unudaq. Hər şey oralardan, Tehrandan su içir... Tehranda yaşayan ziyalının farsı da, türkü də, dinçisi də, qeyri-dinçisi də eyni dərəcədə farspərəst tərbiyə olunur. İran dünyası onun üçün şahlığın 2500 illik tarixinə sığışır. O, bu 2500 illik tarixdən keçə bilmir və hər şey, tarixə istənilən cür baxış, istər sağçı olsun, istər solçu, istər tarixiliyə söykənsin, istərsə də postmodernizmə – hamısı bu 2500 ilin içərisində yerləşir. Bu baxışın əsasını siyasətçilər qoymuşlar və dərsliklərdə, universitetlərdə bu baxış ölkənin mərkəzçi oxumuşlarına təlqin olunur.
Buna görədir ki, həmin ziyalı 24 apreldə hadisənin tənqidinə girişir və əlbəttə, heç bir tarixi sənədə istinad etmir, sadəcə mücərrəd bir şəkildə qırğından bəhs edir! Yaxud kürdü təmiz İran irqindən bilir və bir çox hallarda mücərrəd kürdlə həmdərd olur. Amma Tehranda türklərin Beynəlxalq Ana dili Günü mərasimini informasiya boykotu edir, mərasimin keçirilməsi nəzərdə tutulan zalın bağlı qapıları arxasına toplaşmış yüzlərlə Zəncanlı və Təbrizlinin yanından ötüb keçir və hətta təzyiq qrupunun onlara həmləsini də görmür. 2006-cı ilin fevral və mart aylarında minlərlə adam Təbrizdəki erməni yeparxiyasının qarşısına toplaşarkən polis onları döyüb təhlükəsizlik idarəsinə aparanda da Tehran yenə susur.
Məsələnin bu biri tərəfi: siyasət o kəslərin əlindədir ki, Səfəvi və qızılbaş türklərindən qalmış şiə hakimiyyətinin bayraqdarı olmaq iddiasındadırlar, amma Xocalı faciəsi və 31 mart qırğınını anma mərasimlərini dağıdırlar, əslində Səfəvilərdən tutmuş Qacarlara qədər yeni İranın qurucularının dili olan türk dilini məhv etməyə çalışırlar. Hətta türkoloq alim professor Məhəmmədəli Fərzanənin dəfn mərasiminə belə dözə bilmirlər: professorun cənazəsini oğurlayırlar və ailəsi onu yalnız qəbristanlıqda çətinliklə təhvil ala bilir. Gənc türk şairi və milli fəalı Səhənd Əfşarinin dəfn və yas mərasimində bir neçə min Azərbaycan fəalının iştirakına təhlükəsizlik nəzəri ilə baxırlar və o mərhumun yas məclisindən sonra iştirakçılardan bir neçə nəfəri həbs edirlər, məscidin içərisində və çölündə bir neçə kamera ilə mərasimi lentə alırlar.
Ana dilini sevən və bu sevgini şagirdlərinə də aşılayan müəllim Hidayət Zakiri həbs edirlər. Gənc ruhani Əzimi Qədimə Məşrutə inqilabının ildönümündə Salari-milli Bağır xanın məzarı başında olduğuna və fatihə oxuduğuna görə 15 ay bir gün həbs cəzası verib digər ictimai məhdudiyyətlər qoyurlar və Novruz bayramı günü hökmü icra edirlər. Əzimi Qədim İranın Ermənistanla geniş əlaqələr qurmasını və onu himayə etməsini tənqid edənlərdən biridir.
Doktor Məhərrəm Kamrani və mühəndis İbrahim Rəşidi 31 mart faciəsini anma mərasimi barədə elanlara malik olduqları üçün həbs edilirlər və 12 gün keçməsinə baxmayaraq məhkəməyə aparılmadan təhlükəsizlik idarəsinin naməlum zindanında saxlanırlar. Onların kiminləsə görüşməyə və vəkil tutmağa haqları olmur...
Ərdəbilli gənc Behruz Əlizadə bayrama bir neçə gün qalmış küçədə həbs olunur və 20 gün sonra hakim qoca anasına deyir ki, onun bir günahı yoxdur, sadəcə yersiz sözlər danışdığına görə onu zindanda saxlamışam!..
Farspərəst ziyalılarla hakimiyyətpərəst siyasətçilər bu yerdə birləşirlər. Hərəsinin özünəməxsus əlaltıları var. Nəşrlər və universitetlər birincinin, dövlət məmurları isə ikincinin xidmətindədir və bu qeri-insani ittifaq arasında Azərbaycan insanı sallaqxanaya sürüklənir, onun mədəniyyəti, dili, kimliyi və şəxsiyyəti tapdalanır.
Türk gəncləri öz müstəntiqləri qarşısında İranın ən unikal fəallarıdır. Onun önündə müstəntiq hətta öz əqidəsindən də keçməlidir. Çünki bu gəncin onun məzhəbi ilə işi yoxdur və bəlkə də onun inandığı ənənəvi islama daha çox bağlıdır. Müstəntiqin qoruduğu hakimiyyətlə də onun işi yoxdur. Bu halda müstəntiq daha kobud olur: bu cavan onun hər şeyini əlindən alıb və onu özünün belə azacıq da olsa inanmadığı suallar verməyə məcbur edib. O özü də 31 mart və Xocalı şəhidlərini yad etməli, bu cinayətləri pisləməli idi. Olsun ki, bu müstəntiqin qardaşı Kürdüstanda «demokratlar» tərəfindən öldürülüb, yaxud dostu Bazərganda PJAK dəstələri ilə döyüşdə şəhid olub. Bu müstəntiq Tehranın əmrini yerinə yetirir, Tehran siyasətçisinin əli isə başqa kəslərin əlindədir. Və hər şeyini itirmiş bu müstəntiq ən kobud müstəntiqdir.
Farspərəst ziyalı harada olursa-olsun, bu müstəntiqin vəziyyətindədir və türk gəncini özünə düşmən biləcək. Azərbaycanlı öz dilini və mədəniyyətini istəyir. O, kimliyinin akademik və siyasi anlamda rəsmi şəkildə tanınmasını tələb edir. Ziyalı onunla qarşı-qarşıya gələndə çarəsiz qalıb Qərb kitablarından öyrəndiyi bir çox mütərəqqi ziyalı prinsiplərini ayaq altına atmalı olur və deyir ki, fars dili Sədinin, Hafizin və Firdovsinin dilidir! Necə yəni? Mən də deyirəm ki, türk dili Mahmud Kaşğarlının, Yunis İmrənin və Nəsiminin dilidir. Yunan da deyir ki, yunan dili Homerin, Hesiodun və Platonun dilidir. Fransız da deyir ki, fransız dili Lamartinin, Hüqonun və Prustun dilidir. Rus da şübhəsiz, deyir ki...
Farspərəst ziyalının bu dəlili üzərində azacıq belə dayanmaq gülüş doğurur. Amma hər halda o, inidiyədək bu dəlildən istifadə edib və bu da onu əsəbiləşdirir. Çünki o da tərksilah olub, insanlıq və müasirlik adına dəlil gətirə bilmir və bir qədər faşistləşib! Odur ki, zehnindəki fars İranı tabusunu pozmuş bu türk gənci onun düşmənidir.
Bu gün biz bu ittifaq arasında tək qalmışıq. Bizim yolumuz bu təklikdən başlayır. Güclü özünəinam lazımdır ki, biz özümüzdən və bəşər fikri tarixindən öyrəndiyimiz bilik və təcrübə ilə yenicə başladığımız yolu İranda türk millətçiliyinin yetkinləşməsi istiqamətində hamarlaşdıra bilək.

Aprel, 2006

Farscadan tərcümə: Məsiağa Məhəmmədi



Davamı

Kiyan Xiyav. MƏNİ NƏDƏN QORXUDURSUNUZ?

>> 2.12.07

Yer kürəsindən böyük bir qandal yox –
üstündə yeriyirəm.
Ömürdən ağır bir zəncir yox –
halqalarından keçirəm bir-bir.
Və eşq qədər bir boğucu ümman yox –
sonuna qədər varmışam neçə kərə,
dibində bir yaxamoz tapsam da.

Ehe...y, məni nədən qorxudursunuz?
Nə ağac kimi odu,
nə od kimi suyu,
bəlkə insan kimi insanları dözdüm –
kövrək bir insan tək
qəlbi beş qəpiyə dəyməz heyvanları.
Ki var olmaq varlıq deyil,
Varlığa inanmaq var olmaqdır.
Və siz bunu hardan biləcəksiniz?


Mənsə inamlarım üçün yaşadım:
Qandal üstündə yeridim,
Zəncir halqasından keçdim
və ümmanları sonuna qədər vardım.
Bir gün ölərsəm də,
öylə çılpaq ölərəm ki,
Süleyman xalçası belə ödəməz üryanlığımı.

Ehe...y, məni nədən qorxudursunuz?
Qanlı divanlar tutulsun! Əmr edin!
Ormanlar edam dirəklərinə dönsün!
Adımı döşlərinə qazmazsam bir-bir,
Yaşamaq qənimim olsun!


Davamı

İRANIN TƏZƏ VƏKİLİ PEYDA OLUB

>> 29.11.07

Bizdə İrana vəkillik edənlər az deyil. Xüsusən nüvə proqramı ilə bağlı ABŞ-İran münasibətləri kəskinləşəndən, müharibə ehtimalı güclənəndən sonra onların səsi daha aydın eşidilməyə başlayıb. Mən qətiyyən Nardaran hacılarını nəzərdə tutmuram. Söhbət illərdən bəri demokratiya və dünyəvilikdən dəm vuran kostyumlu-qalstuklu (bəzən də eynəkli) partiya sədrlərindən, jurnalistlərin tez-tez üz tutduğu ekspertlərdən və politoloqlardan gedir. Hərdən onların çıxışlarına baxanda «Roma papasından daha artıq katolik olmaq» (indiki halda «Qum ayətullahından daha artıq irançı olmaq» da deyə bilərik) ifadəsi yada düşür. Məsələn, bir müddət əvvəl Nəzirməmməd Qaramanlı adlı bir politoloq ölkənin nüfuzlu qəzetlərindən olan «525-ci qəzet»də silsilə yazılarla çıxış edib İranı o ki var təriflədi, nəinki ABŞ-a, hətta 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinə və indi Güneydə gedən milli hərəkata qarşı müxtəlif ittihamlar səsləndirdi, heç kəs də ona heç nə demədi.

Amma bu dərdin yarısıdır. Bir də görürsən ki, beləsi hansısa xarici ölkədən durub gəlir və İrana vəkillik etməyi bir yana, hələ bizə ağıl da verir. Buyurun, yaxınlarda ölkənin ən çox baxılan məlumat portallarından birində – «Day.az» saytında Rusiyadakı «Müasir İranı tədqiq Mərkəzi»nin direktoru Rəcəb Səfərovla müsahibə verilib. Düzü, mən köhnə iranşünas kimi bu şəxsi əvvəllər də tanıyırdım və çox vaxt sensasiya yaratmağa cəhd etdiyinə görə onun yazılarının həvəskarı deyildim. Amma bu müsahibənin başlığı mətni bütünlüklə oxumağa məni vadar etdi. Başlıq belədir: «Əgər Azərbaycan İrana qarşı avantürada amerikalılara kömək göstərsə, intiqam planında ilk zərbə obyekti məhz Azərbaycan Respublikası olacaq. Və bu işdə məhz İran azərbaycanlıları canfəşanlıq edəcəklər». Deməli, təkcə başlıqdakı sözləri ilə bu şəxs : a) Azərbaycan Respublikasını, bizim jurnalistlərdən birinə qarşı ittihamda deyildiyi kimi, terrorla hədələyir; b) bizi Güneydəki soydaşlarımızla üz-üzə qoyur.
Müsahibənin mətni isə ayrı həngamədir. Cənab Səfərov bəyan edir ki, bəli, İslam Respublikasının rəhbərləri Güneydəki milli hərəkatın Qərbin xüsusi xidmətləri və sionist dairələr tərəfindən idarə olunduğunu söyləyərkən tam haqlıdırlar. Sübut: ABŞ Konqresi hələ ötən il İran müxalifətini dəstəkləmək üçün 80 milyon dollar ayırdığını bildirmişdi. Elə burada Səfərovun ya savadsızlıqdan, ya da bizi avam hesab etdiyindən tam başqa məsələləri bir-birinə qarışdırıdğını görüb dayanmaq olardı. Amma səbrli olun, görün, bu «mütəxəssis» nə deyir: «Məlumdur ki, etnik azərbaycanlılar İranda farslardan sonra sayca ikinci yeri tuturlar. Bu, böyük bir diasporadır». Bu yerdə, əlbəttə, növcavan müxbir müsahibini saxlayıb deməli idi ki, azərbaycanlılar orada diaspora deyil, ora bizim tarixi vətənimizdir. Amma nə deyirsən? Müxbir özü sonrakı sualında güneydəki azərbaycanlıları «icma» (!) adlandırır. Yəni, məsələn, Azərbaycandakı yəhudi icması və ya İrandakı erməni icması kimi.
Cənab Səfərov sözünə belə davam edir: «Mən İranda tez-tez oluram və indiyə qədər mövcud rejimdən narazılığını ifadə edən bir nəfər azərbaycanlıya da rast gəlməmişəm. İranın milli siyasəti kifayət qədər tarazlaşdırılmışdır. İran hakimiyyəti bütün etnik qrupların mənafeyini nəzərə alır». Əlbəttə, Səfərovun İran səfərlərində hansı dairələrdə olduğunu təsəvvür etmək çətin deyil və orada onun hansısa narazılıq eşitməsi mümkünsüzdür. Həm də «divarın da qulağı var» prinsipinin hakim olduğu şəraitdə. Amma mən azərbaycanlıları bir kənara qoyub soruşuram: bu Səfərov necə mütəxəssisdir ki, Xuzistanda, Bəlucistanda baş verən və hətta rəsmi mətbuatda belə əksini tapan hadisələrdən xəbərsizdir? Və doğrudanmı xəbərsizdir?!
Qeyd edim ki, belə ağ yalanları söyləməkdə Səfərov tək deyil. Onun həmkarı, Moskvadakı Yaxın Şərq İnstitutunun əməkdaşı A.A.Rozov məqalələrinin birində yazır: «Ölkə əhalisinin təxminən 30%-ni təşkil edən azərbaycanlılar xüsusən sosial-iqtisadi və mədəni sahələrdə geniş muxtariyyət hüququna malikdir. Türkdilli əhalinin yaşadığı əyalətlərdə Azərbaycan məktəbləri və mədəniyyət mərkəzləri fəaliyyət göstərir, ana dili sərbəst şəkildə (!) öyrənilir». Həqiqətdən uzaq olan və mütəxəssis adına yaraşmayan bu sözlərə hər hansı şərh, yaxud cavab vermək mənasız işdir. Şükürlər olsun ki, hələ elmi vicdanını itirməmiş mütəxəssislər qalır. Məsələn, Rozovla bir İnstitutda çalışan S.S.Voronov kimi. Onun «Müasir mərhələdə İranda Azərbaycan məsələsi» adlı məqaləsindən bir hissəyə nəzər salaq: «Təbii ki, hazırkı prezidentin başçılıq etdiyi kabinet vahid İran millətində milli zəmində ziddiyyətlərin üzə çıxmasında maraqlı deyil – axı bu, M.Əhmədinejadın təbliğat «kozır»larından biridir. Lakin gətirilən faktlar (söhbət ötən ilin May qiyamından və ondan sonrakı hadisələrdən gedir- M.M.) göstərir ki, azərbaycanlılarla bağlı vəziyyət partlayış həddindədir (kursiv mənimdir – M.M.) və əslində mərkəzi hakimiyyət tərəfindən idarə oluna bilmir. Belə təəssürat yaranır ki, prezident və onun komandası milli vəhdəti təmin edə biləcək gerçəkdən səmərəli bir konsepsiyaya malik deyil. Ehtimal ki, milli məsələ ilə bağlı hadisələr inkişaf edə və indiki İran rəhbərliyinə yeni problemlər yarada bilər».
Belə görünür ki, Səfərov böyründəki həmkarlarının yazılarını da oxumur. Oxusaydı, azərbaycanlıların özünü ilk növbədə iranlı, sonra isə azərbaycanlı sayması barədə «köhnə bayatı»nı səsləndirib qətiyyətlə deməzdi: «Onlarda etnik əlamət əsasında birləşmək hissi yoxdur. Dovlətin maraqlarından söbət gedəndə, iran azərbaycanlılarında etnik şüur ön planda dayanmır». Soruşan gərək, siz azərbaycanlıların hansı hisslərlə yaşadığını hardan bilirsiniz? Əgər onlarda etnik, daha doğrusu, milli şüur və özünüdərk belə arxa plandadırsa, onda ötən ilin may ayından bəri baş verən hadisələr nəyin təzahürüdür?
Nəhayət, müxbirin ötürməsi ilə cənab Səfərov əsl mətləb üstünə gəlir və ABŞ-ın bölgədəki planlarını açıqlayır: iki Azərbaycan birləşir, Xəzərdən Fars körfəzinə qədər uzanan, təbii ehtiyatlarla zəngin vahid Azərbaycan dövləti yaranır. Bu, Türkiyə ilə yanaşı bölgədə ikinci qüdrətli türk dövləti və beynəlxalq münasibətlərin güclü subyekti olur. Səfərovu və onun təmsil etdiyi dairələri narahat edən də bu perspektivdir. Amma, qəribəsi budur ki, o, həmin narahatlığı birbaşa deyil, yenə Güney azərbaycanlıların adından çatdırır: «Bu ideyaya qarşı birinci elə İran azərbaycanlılarının özü çıxacaq. Mən əminəm ki, onlar Azərbaycan adlansa belə, yeni dövlətin yaranmasını zəruri saymırlar... Mən əminəm ki, etnik azərbaycanlılar öz dövlətlərinin mənafeyi naminə dağ kimi dayanacaqlar. Onlar İran İslam Respublikasını (fikir verin, İranı da yox, məhz İran İslam Respublikasını – M.M.) xilas etmək üçün canlarından keçəcəklər». Soruşan olmur ki, bu əminlik hardandır? Bəlkə siz 35 milyon azərbaycanlı arasında rəy sorğusu keçiribsiniz? Axı adını tədqiqatçı qoyan kəs ağzına gələni danışmaz!
Amma yox, Səfərov elə bu səpkidə də davam edir və bizə, yəni Azərbaycan Respublikasına ABŞ-ın avantürasına uymamağı tövsiyə edib bildirir ki, İranın nüvə proqramı yalnız dinc xarakter daşıyır, bütün hay-küy isə, müxbirin təbirincə desək, ABŞ-ın qurduğu şoudur. Yəni, MAQATE, Avropa Briliyi, bir-birinin ardınca qətnamələr qəbul edən BMT kimi ciddi beynəlxalq qurumlar, yumşaq desək, oyun oynayır, yalan danışır, doğrusunu ancaq Səfərov bilir! Belə alimə nə deyəsən?! Yalnız bircə şey: qoy Rəcəb Səfərov (görəsən, o özünü ilk növbədə hansı millətdən hiss edir? – M.M.) başçılıq etdiyi «İranı tədqiq Mərkəzi»nin adını dəyişib «İranı təbliğ (və ya tərif ) Mərkəzi qoysun!

P.S. Prinsipcə, Rəcəb Səfərovun nə üçün belə danışdığı aydınır. Aydın olmayan şey «Day.az» saytının belə cəfəng və anti-Azərbaycan fikirlərə səxavətlə yer ayırmasıdır. Allah Mirzə Cəlilə və Mirzə Ələkbər Sabirə rəhmət eləsin! O kişilər «urusbaşlar»ı hamıdan yaxşı tanıyırmış...



Davamı

Pərvanə Məmmədli. «ZƏNCIRDƏ ƏSIRKƏN, YENƏ DƏ HÜRR OLA BILDIK...»

Həmid Nitqinin həyat və yaradıcılığı haqqında qeydlər

Güney Azərbaycanın yüksək amallı ziyalılar nəslinə mənsub olan Həmid Nitqi tanınmış alim, pedaqoq, şair, ədəbiyyatşünas və dilçi idi. O, 1920-ci ildə Təbrizdə doğulmuş, ibtidai təhsilini İranda ilk dünyəvi təhsil sistemini (üsuli-cədid) yaratmış məşhur maarifçi Mirzə Həsən Rüşdiyyənin Təbrizdə açdığı məktəbdə almışdı. H.Nitqi 1933-cü ildə Firdovsi litseyində təhsilini davam etdirir. Həmin litseydlə coğrafiya fənnindən dərs deyən şair Həbib Sahir onda ədəbiyyata, şeirə böyük maraq yaradır. Sonralar qələmə aldığı «Müəllimim» şeiri məhz Həbib Sahirə ünvanlanmışdır. Onun ilk şeiri 15 yaşında «Şahin» qəzetində çap olunur.
Tehran Universitetinin hüquq fakültəsini bitirdikdən sonra H.Nitqi 1943-cü ildə Türkiyəyə gedib orada elmi yaradıcılıqla məşğul olur. İstanbul mühiti onun dünyagörüşü və yaradıcılığında böyük iz qoyur. O hüquqşünaslıq sahəsində biliyini artırmaqla yanaşı, türk dünyasının ədəbi mühiti ilə də yaxından tanış olur. Tehranda adını belə eşitmədiyi şairlərin əsərlərini oxuyur, onların bir çoxu ilə görüşə bilir.

Ədəbiyyata olan həvəsini H.Nitqi özü atası və müəllimi Həbib Sahirlə bağlayırdı. Bu barədə o, xatirələrində yazırdı: «Mənim atam ədəbiyyatçı idi. Onda qədim qəzetlərin kolleksiyası vardı. Mən «Nəsimi-şimal» və «Molla Nəsrəddin»i oxuyurdum. Məlüküş-şüəarının həftəlik çıxardığı «Növbahar» qəzetini o qədər oxumuşdum ki, əzbər bilirdim. «Şahin» adlı qəzeti çox kiçik yaşlarından oxuya-oxuya məqalələr yazmağa başladım. Elə yazı xəstəliyim də o vaxtdan başladı. Şeirə gəlincə, atam şeir həvəskarı idi, özü yazdığı şeirlər də az deyildi. Mən də ona baxıb həvəsləndirdim. Mən elə bilirdim ki, bizim dilimizdə ancaq komik, məzhəkəli şeirlər yazılır, ciddi şerlər isə farsca olur. İbtidai məktəbdə türkcə danışdığım üçün məndən ilk cəriməni aldılar, mən türkcə ilə farscanın fərqinə vaqif oldum… Anladım ki, pul fərqləri varmış. Evdə olanda atam deyərdi ki, filan kəlmənin farscası yoxdur. İstanbula gəldikdən sonra gördüm ki, türkcə ciddi şeirlər də varmış. Təəccüb etdim, yavaş-yavaş gördüm ki, bizim də ciddi şeirlərimiz ola bilər. Sonralar Abadanda işləyərkən oranın kitabxanasında filologiya və ədəbiyyatla bağlı kitabları oxuyub araşdırmağa başladım».
Həmid Nitqi İranda ictimaiyyətlə əlaqələr elminin banisidir. H.Nitqi İrana qayıtdıqdan sonra Abadanda şirkətin yeni açılan ictimaiyyətlə əlaqələr və jurnalistika idarəsində çalışmağa başlayır. Şirkətin orqanı olan «Xəbərhaye-ruz» («Günün xəbərləri») qəzetinin müdiri və baş yazarı təyin olunur. Sonralar işində göstərdiyi bacarığına görə H.Nitqi şöbənin rəisi seçilir. Bir müddətdən sonra isə bu sahədə tədqiqat aparmaq üçün İngiltərə və Amerikaya göndərilir.
1962-ci ildə o, yenidən Tehrana qayıdıb və Neft konsorsiumunda ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini tutur. Eyni zamanda onu Tehran üniversitetində yeni açılan «İctimaiyyətlə Əlaqələr» fakültəsində dərs demək üçün dəvət edirlər. Həmid Nitqi universitetdə 25 ildən artıq müəllim və professor kimi çalışmış, yüzlərlə tələbə yetişdirmiş, 2 il sözügedən fakültənin dekanı olmuşdur.
1994-cü ildə çalışdığı Əllamə Təbatəbai Universiteti tərəfindən 25 illik xidmətlərinə görə ona «yeni ictimaiyyətlə əlaqələr elminin atası» rəsmi titulu verilmişdir.
H.Nitqinin jurnalistika sahəsində böyük xidmətləri olmuşdur. İranda çıxan «Şahin», «Azərbaycan», «İqdam», «Daməvənd», «Qanun», «Mərdanekar», «Keyhan» kimi müxtəlif qəzetlərdə sosial-tarixi, ədəbi-fəlsəfi mövzulu yazı və şerlərlə çıxış etmişdir.
1942-ci ildə ölkədəki siyasi durumun dəyişməsilə Milli Azadlıq hərəkatının yüksəlişi illərində Azərbaycan ziyalıları tərəfindən «Azərbaycan» cəmiyyəti yaradılmışdı. Cəmiyyətin orqanı olan «Azərbaycan» qəzetinə baş redaktor Həmid Nitqi təyin olunmuşdu.
H.Nitqi uzun müddət Tehranda nəşr olunan «Varlığ»ın baş yazarı olmuş, dərgidə türkologiya, ədəbiyyatşünaslıq, publisistika sahəsində yazılar və şeirləri ilə çıxış etmişdir. Dilçiliyin ümumi problemləri, milli-mənəvi intibah, milli düşüncənin formalaşması və s. onun yazılarının əsas mövzularındandır.
Pəhləvilərin apardığı assimilyasiya siyasəti nəticəsində Azərbaycan dili ancaq məişət çərçivəsində istifadə olunduğundan dil öz işləkliyini itirir, inkişafdan qalırdı. Güneydə ədəbi di danışıq dilindən uzaqlaşa bilmir, Quzeydəkindən xeyli geri qalır, formalaşa bilmirdi. Dilin yaşaması və dövlət səviyyəsində işlənməsi uğrunda mübarizə aparan ziyalılardan biri də H.Nitqi olur. Onun dərgidə dərc etdiyi məqalələrində Azərbaycan dilinin tarixi, onun türk dilləri sistemində yeri, lüğət tərkibi və s. kimi mühüm məsələlərə toxunulur.
H.Nitqi «Zəngin yoxsullar» adlı məqaləsində Azərbaycan dilinin işlənməsi və onun tarixinin, lüğət tərkibinin və qrammatik qanunlarının dərindən, hərtərəfli öyrənilməsi məsələsinə toxunaraq qətiyyətlə yazırdı: «Danışıq dilimizi qadağan etməyə heç kəsin haqqı və icazəsi yoxdur. Dilimiz hər yerdə – evdə, eşikdə, mədrəsələrdə, idarələrdə, rəsmi və qeyri-rəsmi mütəsəvvir hər yerdə və hər məqamda qeydsiz-şərtsiz danışılacaq»,
Doktor Həmid Nitqi Güney Azərbaycanda yazı qaydaları, ədəbi-bədii dil məsələləri üzərində uzun müddət çalışmış, başqa həmkarlarının da rəyini nəzərə almaqla «İmla qaydaları» adlı məqaləsini «Varlığ»ın əlavəsi kimi nəşr etdirmişdir. O, Quzeydə artıq sınaqdan çıxmış imla prinsiplərinə istinad etməklə ərəb əlifbasının özünəməxsusluğu əsasında Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir sistem yaratmağa nail olmuşdur.
Həmid Nitqinin və həmkarlarının «Varlıq» jurnalında vahid ədəbi dil sistemi ilə bağlı apardığı islahatlar artıq öz bəhrəsini vermişdir və bu gün onun təklif etdiyi qaydalar Cənubda və mühacirətdə çıxan mətbu orqanlarda geniş tətbiq olunmaqdadır.
Həmdi Nitqi 1935-ci ildən bəri İranda çıxan müxtəlif qəzetlərdə ictimai-tarixi, pedaqoji mövzulu yazılar və şeirlərlə çıxış emişdir. İranda onun türk və fars ədəbiyyatından bəhs edən əsərləri, həmçinin hekayələr kitabı nəşr olunmuşdur. Onun «Hər rəngdən», «Dünəndən bu günə», «Gənclik günahları», «Min ilin sonu» və başqa kitabları Tehranda, Bakıda, Ankarada və İslamabadda çap olunmuşdur.
H.Nitqinin yaradıcılığı çoxşaxəli idi. O uzun müddət jurnalistika ilə yanaşı elmi və bədii yaradıcılıqla da məşğul olmuşdur. Türkologiya, ədəbiyyat və tarixlə də yaxından ilgilənən H.Nitqi bir sıra dərs vəsaitlərini, elmi əsərləri ərsəyə gətirmişdir. Bunlar aşağıdakılardır: «Yönətiçilik və xalqla ilişkilər», «Dünyanın ən güclü 25 qəzeti», «Sosial ilişkilər üzərinə», «İnandırma, təbliğat və reklamçılıq» və s.
İran ədəbiyyatında həm forma, həm də məzmunca «Təcəddüd» (yeniləşmə) hərəkatının qaranquşları sırasında Cəfər Xameneyi, Şəms Kəsmayi kimi şairlərlə bərabər gənc Tağı xan Rəfət də vardı. Həbib Sahir Həmid Nitqinin ədəbi meyl və yönümünə hansı təsiri göstərmişdisə, Tağı xan Rəfət də Həbib Sahirin bir şair kimi formalaşmasında həmin işi görmüşdür. Beləliklə, zəncir tək bir-birinə bağlı və bir-birinin davamçısı olan bu üç şair İranda çağdaş Azərbaycan şeirinin yaranması və inkişafında önəmli rol oynamışlar. Türkiyəli tədqiqatçı Yavuz Akpınarın təbirincə desək, onların şeirlərini qarşılaşdırmalı bir şəkildə incələsək, İranda modern şeirin hansı yollardan keçdiyinin, necə təşəkkül tapıb formalaşdığının şahidi olarıq.
Həbib Şair «Məktəb xatirələri» şeirində sevimli müəllimi Tağıxan Rəfəti anırdı:
Cavanlıq ah, nə xoş günmüş, nə xoş nemət
Yadımdadır, o məntiqlər və hikmət
Cami-Cəmlə nakam olan gənc Rəfət
Tərvic etdi o ilk dəfə yeni şeir.
Həmid Nitqi isə müəllimi və yaxın dostu Həbib Sahiri belə xatırlayırdı:
Oxudun
şeirinin axışı məni,
uzaq sahillərə aldı apardı
daldığım xülyalar sərxoşluğundan,
bir yanğın yerində birdən oyandım
yıxılmış yuvamın halına yandım…
Oxudum
hicranlı nəğmələrini;
qanayan ürəklər dilə gəldilər
köhnə yaraları eşdin
və deşdin
ən gizlin diləklər dilə gəldilər.
Həmid Nitqinin şerləri öz yeni forması və dərin fəlsəfi məzmunu ilə seçilir. «Kitabi-Dədə Qorqud»dan gələn sərbəst vəzn və simvolik üslub H.Nitqi şerinin səciyyəvi xüsusiyyətləridir. Bir çox şairlər kimi o simvolikadan hakim rejimdən sığorta olunmaq üçün deyil, lirik şerlərinin fəlsəfi məzmun çalarlarını çatdırmaq üçün istifadə edir. Özünün söylədiyi kimi, onun poeziyası sirr dolu tül pərdəyə bürünmüş gözələ, gəlinə bənzəyir, bu pərdəni qaldırmağı isə şair oxucunun ixtiyarına buraxır.
H.Nitqinin doğum günü Azərbaycan milli istiqlal mübarizəsinin liderlərindən biri – Şeyx Məhəmməd Xiyabaninin ölüm gününə təsadüf etmişdi. Şair bunu bir şeirində özünəməxsus kədərli notlarla əks etdirmişdir.
Sənin gözlərin yumulanda mən
Gözlərimi açdım:
Hər yan dumandı, sisdi, tüstüydü,
Yanğın külləri hələ istiydi.
Şəhərimdən
Bütün mavi quşlar uçmuşdu.
Lakin sən, röyalarımı xəyalınla doldurdun,
Gözümdə nur,
Dizimdə zor,
Ürəyimdə qürur oldun.
Amma nə üçün
vəd etdiyin
saat çalmadı?
nədən əkdiyin ağac qol-budaq salmadı?
yaralar sağalmadı.
Güney Azərbaycan türklərinin hüquqlarının məhdudlaşdırılması, onların elm və mədəniyyət ocaqlarından məhrum edilməsi burada yaranan poeziyaya bir kədər ovqatı aşılayır. Şair xalqının istibdadın pəncəsindəki durumunu canlandıraraq, yazır:
Dibsiz bir quyudur qaranlıq gecə
Ürəyə damcılar qorxu gizlincə…
Korlaşmış qılınclar kəsməz, qındadır,
Qatilin pəncəsi boğazındadır.
İllərdir boynunda zəncir daşırsan,
Yurdunda sürgünsən, qərib yaşırsan…
Zülmün, təzyiqin, hüquqsuzluğun insan şəxsiyyətinə faciəli təsirini əks etdirən bu cür şeirlərin çoxunda dərin kədər hissi ilə birliyə, mübarizəyə səsləyən notlar yanaşıdır:
Düşsəm mən yoluna davam et, yoldaş,
Dayanma, yeri get, bu dağları aş.
Bilirəm səhərə gedən bir yol var,
Dizində güc varkən, yorulma, axtar…
Həmid Nitqi «Ana dili - sevgili dil» adlı şeirində qədim və zəngin tarixi olan, indi isə yer üzünə səpələnmiş türk tayfaları və onların törəmələrinin tale yollarından, tarixdəki maddi-mənəvi izlərindən böyük şövq və məhəbbətlə bəhs edir:
Sərkərdə Səbüklərlə elin şanı ucaldı,
Türkün adı hər guşədə bir vəlvələ saldı.
Zəncirdə əsirkən, yenə də hürr ola bildik,
Dünyada baş olduqsa da, adil qala bildik…
Sənətdə, ziraətdə, hünərdə əlimiz var,
Bax hər yana, hər güşədə bizdən neçə iz var.
Şair bu şerində əsərlər boyu İranda türklərin ədalətli idarəçiliyini, başqa xalqlara və dillərə, o cümlədən fars dilinə hörmətlə yanaşmasını poetik detallarla xatırladır. Sonra isə H. Nitqi öz xalqının milli haqlarının, ən başlıcası isə ana dilində yazıb-oxumaq hüququnun müdafiəsinə qalxır.
İlk dəfə Bakıya səfər edən şair, «keçmişin gələcək çağlarla xəlvəti qovşağında»kı bu görüş təəssüratlarını aşağıdakı sətirlərdə bölüşür:
Tarixin cövrünə,
Zamanın amansız seyrinə.
Əsrlik əsirlik dövrünə
«Yetər artıq dayan» deyilən meydanından*
yol aldıq.
Ağaran təzə bir səhərin
Sehrinə tutulduq və qaldıq…
Bir quşun uçuşu oyandırdı bizi,
Fəcr ilə doldurduq qədəhlərimizi.
Könlümüzdə cücərən umuda
Tapşırdıq qədərlərimizi.
Və qara gecənin ən son dəmlərində
Röyalarla dolu bir dərin baxışda,
Əritdik kədərlərimizi.
Dilçi alim H.Nitqi həmişə yazırdı ki, bizi istəməyənlər hər şeydən əvvəl varlığımızın əsası olan dilimizə hücum edirlər. O, hakim rejiminin milli istəklərə qarşı apardığı siyasətə qarşı çıxaraq «Ovsun» şeirində yazırdı:
Məni ovsunladılar,
dilimi bağladılar.
Qaçdımsa yetişdilər,
nə əkdimsə, biçdilər…
Utandım öz-özümdən,
sazımdan və sözümdən.
Ayrılalı əslimdən
öksüz və köksüz qaldım.
… Açılmasa dilim
kim biləcək mən kiməm?
H.Nitqinin son dövr şerlərində 1978-79-cu illər İran inqilabının nəticələrinə verilən qiymət müxtəlif notlarda hiss olunmaqdadır. Şair belə bir məqamı vurğulayır ki, şahlıq rejiminin qorxunc istibdad illəri arxada qalsa da, uçuruma aparan yoldakı izlər hələ də silinməmişdir:
Hələ də adımı çəkə bilmirəm,
Hələ də kimliyim,
Qırxqat boxçada,
əfsunlarla düyünlü
gizlin saxlanır,
hələ də qardaşım bərkə düşəndə,
əslini danır…
H.Nitqi 1989-cu ildən Böyük Britaniyanın Edinburq Universitetinin «İslam və Orta Şərq Araşdırmaları» bölümündə çalışmışdır.
Doktor Həmid Nitqi Böyük Britaniyada elmi dərgilərdən birində çap etdirdiyi və Azərbaycan türkcəsinin inkişaf məsələlərinə həsr edilmiş məqaləsində əsrin əvvəllərindən bu günə qədər İranda Azərbaycan türklərinə, onların dil və mədəniyyətlərinə olan təzyiqlərdən bəhs edir. Hələ ötən əsrlərdə fars dilinin türk hökmdarlarının saraylarında işlənməsini göstərərək əlavə edirdi ki, türk şair və ədibləri türk hökmdarları ilə birgə özlərini klassik farscanın tərəqqisinə və təkmilləşməsinə elə geniş ölçüdə həsr etdilər ki, az qala öz dil və mədəniyyətlərini unutdular. Yalnız xalq şeiri bütün bu fəaliyyətlərə üstün gələ bildi. Yazıda qeyd olunur ki, Azərbaycan dilinin ədəbi ünsiyyət vasitəsi ola biləcəyinin danıldığı bir vaxt çoxları gözləmədikləri halda Azərbaycan türkcəsində yazılmış, hamı tərəfindən bir şah əsəri kimi alqışlanmış şeir nümunəsi ilə qarşılaşdılar. Bu, Şəhriyarın «Heydərbabaya salam» əsəri idi. «Heydərbabaya salam» Azərbaycan türkcəsinin assimilyasiyaya müqavimətini güclü surətdə nümayiş etdirdi. Ümumiyyətlə, Şəhriyar fenomeni bu məqalədə Cənubi Azərbaycanda milli-mənəvi dirçəlişin bədii daşıyıcısı kimi qiymətləndirilir.
H.Nitqi 1999-cu ildə uzun sürən xəstəlikdən sonra Böyük Britaniyada vəfat etmiş, Türkiyə torpağında dəfn edilmişdir.


Davamı

İRANDA MARKESİN ROMANI QADAĞAN EDİLİB

>> 28.11.07

Amma bu, farsdilli oxucuların əsərlə tanışlığına mane ola bilməyib

Məşhur Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı, 80 yaşlı Qabriel Qarsia Markesin «Mənim qəmgin fahişələrimin xatirələri» (Memories of My Melancholy Whores) adlı son romanı İran İslam Respublikasında qadağan edilib. Əsər bir müddət əvvəl Kavə Mirabbasi tərəfindən farscaya çevrilərək müvafiq icazə aldıqdan sonra senzura olunmuş variantda «Mənim qəmgin məşuqələrimin xatirələri» (Xaterate-delbərəkane-qəmgine-mən) adı ilə 5500 nüsxədə çap olunub və üç həftə ərzində satılıb qurtarıb. Yalnız əsərin təkrar çapına icazə üçün müraciət edildikdə, hakimiyyət orqanları romanın orijinal adına və məzmununa fikir verib onun nəşrinə və yayılmasına qadağa qoyublar. Bu işdə mühafizəkar ruhani dairələrdən edilən xəbərdarlıqlar da öz rolunu oynayıb. İranın Mədəniyyət naziri bildirib ki, kitabın birinci nəşrinə icazə verilməsi «bürokratik səhv» olub. Həmin icazə üçün məsuliyyət daşıyan məmur isə artıq işdən azad edilib.

Qeyd edək ki, Markes İranda ən şöhrətli yazıçılardan biridir. Onun bir çox əsərləri, o sıradan «Yüz ilin tənhalığı» ( One Hundred Years of Solitude) və «Vəba vaxtı məhəbət» (Love in the Time of Cholera) farscaya çevrilərək dəfələrlə nəşr edilib.
Markesin sözü gedən romanı ilk dəfə 2004-cü ildə ispan dilində nəşr olunub. Bir il sonra əsərin ingiliscəyə tərcüməsi meydana çıxıb. Romanda bütün ömrünü fahişələrlə keçirmiş bir qocanın öz 90 illiyini bakirə qızla «qeyd etmək» istəyindən bəhs olunur. Fahişəxana sahibi onun bu arzusunu yerinə yetirir, amma qoca gəlib çıxanda qızı yatmış görür. Bundan sonra o hər gün ora gələrək yatmış qıza tamaşa edir və beləcə ömrünün sonunda əsl məhəbbət yaşayır.
Bu süjet əsərin nə üçün İran mollalarının qəzəbinə gəldiyini və nəşrinin qadağan edildiyini müəyyən qədər anlamağa imkan verir. Amma romanın farscaya başqa bir tərcüməçisi bu qadağanı alt-üst edib. Söhbət hazırda Kolumbiyada yaşayan 57 yaşlı yazar və tərcüməçi Əmir Hüseyn Fətanətdən gedir. 1979-cu il inqilabından sonra «insan kimi yaşamaq» istəyilə İranı tərk edən Fətanət əvvəlcə Parisdə, sonra ABŞ-da məskunlaşıb, 1985-ci ildə isə Kolumbiyaya gəlib. Markesin son romanını, o cümlədən əsərin adını (Xaterate-ruspiyane-soudazədeye-mən) olduğu kimi farscaya çevirən Fətanət bununla bağlı macəralarını bu günlərdə «el-Tempo» qəzetinə verdiyi müsahibədə açıqlayıb: «İranın mötəbər nəşriyyatlarından biri vasitəsilə çapına icazə almaq üçün tərcüməni müvafiq komitəyə təqdim etdim. Bir neçə aydan sonra heç bir əlavə izahat vermədən əsərin nəşrinin qadağan edildiyini bildirdilər. İranda hər bir kitab əvvəlcə xüsusi komitəyə təqdim edilməlidir. Bu komitə heç kəsə aydın olmayan meyarlarla kitabı müxtəlif yönlərdən araşdırır və hökm çıxarır. Əslində bu zaman yazıçı simasız bir kabusla üz-üzə qalır və nə ondan bir şey soruşmaq, nə də onun qarşısında əsərini müdafiə etmək hüququna malik olur».
Fətanətin dediyinə görə, İranda kitabın çapına icazə ala bilmədikdən sonra onu xaricdə nəşr etdirmək üçün Markesin hüquqşünası Karmen Balselsə müraciət edib, amma Balselsdən bir xəbər çıxmayıb. Belədə o, özbaşına hərəkət etmək qərarına gəlib: «Tanış bir nəşriyyat vasitəsilə kitabı 1000 tirajla çap etdirdim, onun 500-ü Almaniya və Los-Anceles mağazalarında, bir qədəri də İnternet yolu ilə satıldı. Bu, mədəni bir iş idi və gəlir götürmək məqsədi daşımırdı. Bunun 1000-i də satılsaydı, Qabo 500 dollara görə məni həbsxanaya saldırmayacaqdı ki! Amma İranda əsərin rəsmən qadağan edildiyini biləndə, başqa bir yola əl atdım: romanın farscaya tərcüməsini sərbəst istifadə üçün İnternetə qoydum. On gün ərzində əsərin mətni dünyanın 80 ölkəsindən və 550 İnternet serverindən 15000 dəfə yüklənilib. Bu, İranda satılan 5500 nüsxə ilə müqayisədə çox böyük rəqəmlərdir».
Bu il Boqotada keçirilmiş beynəlxalq kitab sərgisində Mövlana Cəlaləddin Rumi şeirlərinin ispancaya tərcüməsi ilə iştirak edən Fətanət öz müsahibəsində bununla bağlı bir məqama da toxunub: «Kitabda Rumi şeirlərinin xəttatlar tərəfindən yazılmış nümunələrini vermək üçün İranda hər yerdən kömək istədim, amma heç bir dövlət qurumu bu xahişimə diqqət yetirmədi. Çünki Mövlananın düşüncəsində insanla Tanrının əlaqəsi birbaşa və vasitəçisiz rabitədir, bu da əlbəttə, molla hökumətinin xoşuna gələn şey deyil».
Bütövlükdə İran rejimini xarakterizə edən Fətanət deyb: «İranda biz bəlkə də əvvəllər nümunəsi olmayan bir hadisənin şahidiyik: din və siyasət bir-birinə qarışıb, camaata elə təlqin olunur ki, guya mollalar Tanrının yer üzündəki nümayəndələri və Quranın yeganə düzgün şərhçiləridir. Beləliklə, dindən dünyəvi məqsədlər, yəni hakimiyyət üçün istifadə olunur».
Tərcüməçi müsahibənin sonunda İranda Markesin romanına qoyulan qadağanı ölümün təbliğinə və kədərin yayılmasına əsaslanan hakimiyyətin həyat eşqinə müqaviməti kimi səciyyələndirib: «Kədər aşılanması və ölümün təbliği rejimin formalaşdırdığı mədəniyyətin ayrılmaz hissəsidir. Aydındır ki, hər şeyin qara və kədərli olduğu, ölüm kultuna söykəndiyi bir mühitdə Markesin məhəbbətə və həyata səsləyən romanı quruluş əleyhinə yönəlmiş təhlükəli bir əsər sayılacaqdır».

Hazırlayanı: Məsiağa Məhəmmədi


Davamı

  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

GET YUXARI